Bank Of Baku

Qusar, Qazax, Şamaxı, Daşkəsən və Cəngi Meşə Mühafizəsi və Bərpası müəssisələrinin direktorlarına töhmət verilib

Qusar, Qazax, Şamaxı, Daşkəsən və Cəngi Meşə Mühafizəsi və Bərpası müəssisələrinin direktorlarına töhmət verilib
# 16 dekabr 2011 08:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Kollegiya iclası keçirilib. APA-nın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, iclasda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən bu ilin 11 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1881 akt və 577 protokol tərtib olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 121, məhkəmələrə 125, məhkəmə icraçılarına 394 iş göndərilib. İclasda hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilmiş işlərin əksəriyyətinə hələ baxılmadığı qeyd olunub.

İclasda bildirilib ki, xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 816 akt, 220 protokol tərtib edilmiş, təbiətə 71047,49 manat məbləğində ziyanın vurulduğu hesablanıb, inzibati qaydada 139980 manat cərimə tətbiq edilib, 34 iş baxılması üçün hüquq-mühafizə orqanlarına, 93 iş rayon məhkəmələrinə və məhkəmə icraçılarına göndərilib.

Bu ilin 11 ayıda xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brakonyerliklə məşğul olan şəxslərdən 81 ədəd ov silahı götürülüb, 77 şəxs barəsində akt və protokol tərtib edilərək 72 800 manat məbləğində cərimə tətbiq edilib, 1166 manat məbləğində iddia qaldırılıb. 4 nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə tədbirlər görülür.
Bu il 3,75 hektar meşə fondu ərazisində yanğın hadisəsi qeydə alınıb, amma meşə fonduna ciddi ziyan dəyməyib.

İclasda bildirilib ki, Bəzi Meşə Mühafizəsi və Bərpası Müəssisələrində (MMBM) əkinlərin bitiş faizi orta respublika göstəricisindən yuxarı olsa da, bir neçə müəssisədə isə bu göstərici xeyli aşağı olub. MMBM-lərdə aparılmış yoxlamalar zamanı 125519 manat köküstə nırx dəyərində 20994 kubmetr həcmində ağacın özbaşına kəsildiyi müəyyənləşdirilərək aktlaşdırılıb və qanuna müvafiq tədbirlər görülüb. Meşə qanunvericiliyinin pozulması halları ilə bağlı hüquq-mühafizə orqanlarına göndərilmiş 222 işdən 117 işə baxılması təmin edilib. İclasda işlərində yol verdikləri nöqsanlara görə Şahdağ Milli Parkının direktoruna şiddətli töhmət, 4 və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin direktorlarına töhmət verilib. 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəhbərinin vəzifəyə uyğun olub-olmamasının araşdırılması tapşırılıb. Həmçinin, Qusar, Qazax, Şamaxı, Daşkəsən və Cəngi MMBM-lərin direktorlarına töhmət verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR