Bank Of Baku

DMX-də 18 dekabr-Beynəlxalq Miqrant Günü ilə bağlı dəyirmi masa keçirilib

DMX-də 18 dekabr-Beynəlxalq Miqrant Günü ilə bağlı dəyirmi masa keçirilib
# 16 dekabr 2011 13:16 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dövlət Miqrasiya Xidmətində (DMX) 18 dekabr-Beynəlxalq Miqrant Günü ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən DMX-nin rəisi Arzu Rəhimov miqrasiya sahəsində aparılan islahatlar, bu istiqamətdə qarşıya çıxan problemlər və mütərəqqi addımlar barədə danışıb.
O deyib ki, bir neçə il əvvəl miqrantların ölkədə yaşamasının leqallaşdırılması ilə bir necə qurum məşğul olurdu, bir pəncərə sisteminə keçidlə əlaqədar ölkəyə gələn miqrantların sənədləşdirilməsi işində çətinliklər aradan qaldırılıb.

A. Rəhimov Bakı və Yevlaxda qeyri-leqal miqrantların məskunlaşması üçün inşa edilən mərkəzin tikintisinin başa çatdığını da qeyd edib: “Miqrasiya sahəsində qanunvericiliyə əlavə və dəyişiklərin edilməsi üçün 20-dən artıq sərəncam verilib. Bu da miqrantların hüquqlarının qorunmasının bariz nümunəsidir. Bu gün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün 1 hava limanı, 5 regional miqrasiya şöbəsi fəaliyyət göstərir”.

Ombudsman Elmira Süleymanova Azərbaycanda miqrantların hüquqlarının qorunması məqsədilə qanunvericilik bazasının tam şəkildə formalaşdırıldığını diqqətə çatdırıb. O, xaricdəki azərbaycanlı miqrantların taleyi ilə də maraqlanmağın vacibliyini önə çəkib: “Ölkədə hüquqi islahatları, o cümlədən Dövlət Miqrasiya Xidmətinin yaradılması bu mənada böyük amildir. Biz emiqrantlarımızı da yaddan çıxara bilmərik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov miqrasiya siyasətini həyata keçirilməsi məqsədilə qanunvericilik bazasının formalaşdırıldığını deyib. Ə. Hüseynovun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi ilə qanunvericiliyə edilən dəyişiklər ölkənin ümumi inkişafına xidmət edir: “Azərbaycan Avropa Birliyi ilə də sadələşdirilmiş viza rejiminin tətbiqi üzərində çalışır. Bu gün Azərbaycanın miqrasiya sahəsi MDB və Şərqi Asiya ölkələri ilə müqayisədə daha çox inkişaf edib. Bu gün fəxrlə deyə bilərəm ki, Azərbaycanın Dövlət Miqrasiya Xidməti korrupsiyadan kənar bir qurumdur. Bir çox yeni sahələrdə xoşagəlməz hallar müşahidə edilsə də, Dövlət Miqrasiya Xidməti bundan kənardadır. Əmin ola bilərsiniz ki, sizin Milli Məclislə əməkdaşlığınız sağlam şəkildə davam edəcək”.

Toplantıda Daxili İşlər Nazirliyi Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Əli Mərdanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək miqrasiyası sektorunun müdiri Fuad Cabbarov, Dövlət Sərhəd Xidmətinin şöbə rəisi Azad Qasımov, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev və digərləri də mövzu ilə bağlı çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR