Bank Of Baku

DSMF sədri: “Azərbaycanda sosial sığorta dərəcələrinin aşağı salınması gündəlikdə deyil”

DSMF sədri: “Azərbaycanda sosial sığorta dərəcələrinin aşağı salınması gündəlikdə deyil”
# 16 dekabr 2011 13:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycan 25%-lə Qazaxıstandan (21%) sonra ən aşağı dərəcə tətbiq edən ölkədir. “APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılsa da, Azərbaycanda artım baş verməyib. Fond rəhbəri hazırda sığorta dərəcələrinin aşağı salınmasını məqsədəuyğun saymır: “ Doğrudur, əslində bu addımın atılması böyük maliyyə resursu olan hökumət üçün elə də çətinlik yaratmazdı. Amma bu addım insanların fərdi hesablarında toplanan vəsaitin də azalmasına səbəb olacaq ki, bu da fərdi uçotun tətbiqi şəraitində onların gələcək pensiya təminatına mənfi təsir göstərəcəkdir”.

S.Müslümovun sözlərinə görə, belə bir şəraitdə ən düzgün addım sosial sığortanın ümumi dərəcəsini saxlamaqla onun tərkibində sığorta olunanların, yəni fiziki şəxslərin payının artırılması olardı, amma bu da hələ tezdir: «Əməkhaqlarının artırılmasının hələ prioritet kimi qaldığı şəraitdə bu ideyanın gerçəkləşdirilməsinin də yəqin ki, müəyyən bir zaman kəsiyindən sonra baş verməsi daha məqsədəuyğundur. Məhz bunları, inflyasiya riskinin mövcudluğu şəraitində, ümumiyyətlə, vergi dərəcələrinin aşağı salınmasının qəbuledilməzliyini, həm də son dövrlər inkişaf etmiş ölkələrdə əks prosesin, yəni sığorta dərəcələrinin qaldırıldığını nəzərə alaraq, hazırda bu məsələnin gündəliyə çıxarılmasını məqsədəuyğun saymırıq».

Fond rəhbəri bildirib ki, sosial sığorta dərəcələrinin aşağı salınmasının əməkhaqlarının leqallaşdırılmasına da təsiri böyük deyil: «Artıq bunu praktikada 2005-ci ilin 1 yanvarından sosial sığorta dərəcələrini işəgötürənlər üçün 27%-dən 22%-ə endirməklə yoxladıq, lakin kəskin nəticənin əldə olunduğunu söyləmək çətindir».

Fond rəhbəri bildirib ki, 2003-2011-ci illərdəki sığortaolunanların say artımı başlıca olaraq yeni yaradılmış iş yerlərinin hesabına baş verib: «Bütün bunlar onu göstərir ki, hazırda əməkhaqlarının və işçi qüvvəsinin leqallaşdırılması istiqamətində Nazirlər Kabinetinin iclasında prezidentin verdiyi tapşırığın icrası üçün bütün müvafiq orqanlar koordinasiya edilmiş fəaliyyətlərini gücləndirməlidirlər».

DSMF-nin büdcəsinə dövlət büdcəsindən transfertlərə gəlincə, S.Müslümov bildirib ki, mövcud praktikaya və fondda qeydiyyatda olan sığorta ödəyicilərinin faktiki sayını nəzərə alanda (1370 min nəfər muzdla işləyən və 600 min nəfərə yaxın sərbəst məşğul olan) büdcə transferti büdcə transferti nəzərə alınmasaydı, bugünkü pensiyaları maliyyələşdirmək üçün sosial sığorta dərəcəsi 35% olmalı idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR