Bank Of Baku

Şəkidə çövkən milli oyunlarının açılış mərasimi keçirilib

Şəkidə çövkən milli oyunlarının açılış mərasimi keçirilib
# 19 dekabr 2011 07:30 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Azərbaycanın Şəki rayonunda Prezident Kuboku uğrunda çövkən milli oyunlarının açılış mərasimi keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışlar Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində təşkil edilib. Açılış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirləri Cavanşir Cəfərov, Fikrət Mehdiyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Dekabrın 22-dək davam edəcək yarışların keçirilməsində məqsəd qədim milli oyunları qorunub saxlamaq, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, atçılıq turizminin təbliği və inkişafı, habelə gənc nəsildə bu sahəyə marağın oyadılmasıdır.

Yarışlara Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Bərdə, Yevlax, Qazax, Ağstafa, Ağcabədi, Goranboy və Ağdam rayonlarını təmsil edən komandalar qatılıb.

Komandalar çövkən, sür-papaq, papaq və atüstü güləş oyunları üzrə qüvvələrini sınayacaqlar. Yarışların sonunda münsiflər heyətinin qərarı ilə qalib olmuş komandalar Mədəniyyət və Turizm nazirliyinin diplom və mükafatları ilə təltif ediləcək.

Qeyd edək ki, Prezident Kuboku uğrunda çövkən milli oyunları 2006-cı ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Şəki şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilir. Budəfəki yarış sayca altıncıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR