Bank Of Baku

“Azərsu” qaçqın və məcburi köçkünlərin içməli su təchizatını yaxşılaşdırılır

“Azərsu” qaçqın və məcburi köçkünlərin içməli su təchizatını yaxşılaşdırılır
# 20 dekabr 2011 12:55 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması üzrə tədbirləri davam etdirir. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə məlumata görə, bu məqsədlə 2011-ci ildə içməli suya ciddi ehtiyac olan yaşayış məntəqələrində yeni layihələrin icrasına başlanıb.

Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə hazırda 1 ədəd subartezian quyu qazılır. Qazma işlərindən sonra subartezian quyu şəbəkəyə qoşulacaq. İşlər tam başa çatdıqdan sonra 3100-dən çox kənd sakini keyfiyyətli içməli su ilə təmin olunacaq.

Tərtər rayonunun Qapanlı kəndinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə kənddə 1 ədəd subartezian quyusu qazılıb, 2 ədəd 25 kubmetrlik su çəni quraşdırılıb. Bununla paralel olaraq 13,2 km su xəttinin çəkilişi yekunlaşıb. Rayonun Qazyan kəndində də 1 ədəd subartezian quyusu qazılıb, eyni zamanda 2 ədəd 25 kubmetrlik su çəni quraşdırılıb, 9,6 kilometr su xətti çəkilib. İşlər tam başa çatdıqdan sonra rayonun Qapanlı və Qazyan kəndlərində 1950 nəfərin içməli su təchizatı yaxşılaşacaq.

Ağdam rayonunun Şüküralılar kəndində içməli suya olan tələbatı ödəmək məqsədilə 1 ədəd subartezian quyusunun qazılması başa çatıb. Bununla yanaşı, kənddə 1 ədəd 50 kubmetrlik su çəni quraşdırılıb, 5,2 km su xətti çəkilib. Rayonun Korqışlaq kəndinə də içməli su yeni qazılmış subartezian quyudan verilir. Layihə çərçivəsində 1 ədəd 60 kubmetrlik su çəni quraşdırılmış, 4,8 kilometr su xətti çəkilib. Korqışlaq kəndindən Mireşelli kəndinə 9,3 kilometr su xətti çəkilib. Bu layihələr rayonun Şüküralılar və Korqışlaq kəndlərində 1391 nəfərin içməli su təchizatını yaxşılaşdıracaq.

Füzuli rayonunun Alxanlı kəndində içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası davam edir. Kənddə 3 subartezian quyusunun 2-si qazılıb, 3-cü quyuda qazma işlərinə başlanıb. Layihə 1413 nəfər kənd sakininin içməli su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR