Bank Of Baku

Dövlət orqanlarının elektron xidmətlər göstərməsi ilə bağlı aparılan təhlilin nəticələri açıqlanıb

Dövlət orqanlarının elektron xidmətlər göstərməsi ilə bağlı aparılan təhlilin nəticələri açıqlanıb
# 21 dekabr 2011 10:40 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Konstitusiya Araşdırmaları Fondu və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu ATƏT-in Bakı ofisinin dəstəyi ilə Azərbaycan prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqında” Fərmanının icrası vəziyyəti barədə ilkin təhlilin nəticələrinin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, tədbirdə bildirilib ki, tapşırılan 41 dövlət qurumun böyük əksəriyyətində elektron xidmətlərin göstərilməsi ilə bağlı müəyyən işlər görülməsinə baxmayaraq, hələ də bəzi çatışmayan cəhətlər var. Əksər dövlət qurumlarının “Elektron xidmətlər” siyahısı Nazirlər Kabinetinin (NK) adı çəkilən qaydalarındakı siyahıdan fərqlidir.

ATƏT-in Bakı ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsinin rəhbəri Yan Olsson deyib ki, 2012-ci ildə bu məsələyə daha çox diqqət yetiriləcək: ”Korrupsiyaya qarşı mübarizənin daha səmərəli aparılması üçün azərbaycanlı ekspertlərin beynəlxalq şəbəkələrdə iştirak etməsi təqdirəlayiqdir”.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirib ki, təhlili aparmaqda əsas məqsəd Azərbaycanda korrupsiyaya qarşı mübarizənin effektinin artırılmasıdır: ”Monitorinq zamanı ilkin olaraq qiymətləndirmə aparmışıq. Elektron hökumətin həyata keçirilməsi bizim tərəfimizdən araşdırılıb. Ümidvarıq ki, ATƏT-in Bakı ofisi bu prosesin daha dərindən araşdırılması üçün bizə mütəmadi olaraq köməklik göstərəcək. Korrupsiyanın qarşısının alınmasında QHT-lərlə yanaşı vətəndaş cəmiyyətləri və mərkəzi icra hakimiyyəti orqanlarının birgə əməkdaşlığı vacibdir”.

Sahibkarlığın İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov monitorinqin nəticələri haqqında məlumat verib: “Bunlar ilkin nəticələrdir. Bu monitorinqi aparmaq üçün müəyyən zaman lazımdır. Dövlət qurumlarına göndərilən sorğularda xahiş olunub ki, görülən işlər barəsində məlumat versinlər. Nazirlər Kabinetinin qərarında göstərilib ki, 284 xidmət növünün təmin edilməsi 41 dövlət qurumunun öhdəliyinə verilib. Elə dövlət orqanları var ki, onların veb-səhifələri yoxdur. Elektron xidmətin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizə əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR