Bank Of Baku

“Sosial sifariş haqqında” qanun layihəsinin və “Korporativ sosial məsuliyyət xartiyası”nın ictimai müzakirəsi keçirilib

“Sosial sifariş haqqında” qanun layihəsinin və “Korporativ sosial məsuliyyət xartiyası”nın ictimai müzakirəsi keçirilib
# 22 dekabr 2011 08:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası hazırladığı “Sosial sifariş haqqında” qanun layihəsinin və “Korporativ sosial məsuliyyət xartiyası”nın ictimai müzakirəsinə həsr olunan tədbir keçirib. APA-nın məlumatına görə, tədbiri açan şuranın sədri, Mili Məclisin deputatı Azay Quliyev müzakirəyə çıxarılan qanun layihələrinin ictimai fəaliyyət üçün böyük əhəmiyyət kəsb etdiyini və bu sənədlərin QHT qanunvericiliyinin möhkəmləndirilməsində müsbət rol oynayacağını söyləyib.

“Sosial sifariş haqqında” qanun layihəsi haqqında danışan A. Quliyev qeyd edib ki, artıq dövlət bəzi sifarişlərin icrasında qeyri-hökumət qurumlarına üstünlük verir. Bu baxımdan bu qanının qəbulu zəruri hal alıb. A. Quliyev “Korporativ sosial məsuliyyət xartiyası”na toxunaraq bildirib ki, əvvəlcə qanun layihəsi hazırlamaq istənilsə də, sənədin xartiya şəklində hazırlanması təşəbbüsü bəyənildi: “Lakin bu müzakirələrdə bunun forması müəyyənləşdirilməlidir. Təəssüf ki, bir çox şirkətlər bu anlayışı qəbul etmirlər və QHT-lər tərəfindən də yanaşma birmənalı deyil”.

A. Quliyev şura tərəfindən yaradılan işçi qrupların fəaliyyətini müsbət qiymətləndirərək, layihələrin daha da təkmilləşdirilməsi üçün ictimai müzakirələrinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

“Sosial sifariş haqqında” qanun layihəsinin işçi qrupunun rəhbəri, Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov, “Korporativ sosial məsuliyyət xartiyası”nın işçi qrupunun rəhbəri, “Ümid” Humanitar-Sosial Dayaq Mərkəzinin icraçı direktoru İsrail İsgəndərov çıxış edərək sənədi müzakirə üçün təqdim ediblər.

Sahib Məmmədov bildirib ki, sosial sifarişlərin əhatə dairəsinə bütün sosial sektora daxil olan sahələr aiddir: “Bu sifarişlərin həyata keçirilməsi ilə bağlı tenderdə yalnız hüquq şəxslər iştirak edə bilər”.

İsrail İsgəndərov deyib ki, dünya təcrübəsində korporativ sosial məsuliyyət haqqında qanun anlayışı yoxdur: “Bu xartiya əslində özündə könüllü töhfə mahiyyətini daşıyır. Xartiya anlayışı yeni mədəniyyət forması olmaqla, özündə məsuliyyət anlayışını birləşdirir. Bu xartiyadan irəli gələn müxtəlif müsabiqələr də keçirilə bilər, o cümlədən elmi simpoziumlar və jurnalistlər üçün yazı müsabiqələri də təşkil edilməsi mümkündür”.

Ümumi müzakirələr zamanı çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qanun layihələrinin cəmiyyətin inkişafı üçün əhəmiyyətli olduğunu söyləyib: “Hər iki sənəd əsaslandırılmış şəkildə təqdim edilib. Bu məsələyə sistemli yanaşmalıyıq. Hazırkı münbit mühit “Sosial sifariş haqqında” qanunun qəbulunu diktə etsə də, “Korporativ sosial məsuliyyət haqqında” qanunun qəbuluna ehtiyac yoxdur”.

Parlamentin deputatları Musa Quliyev, Əli Məsimli, o cümlədən “Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev, İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Qubad İbadoğlu və digərləri də mövzuya münasibətlərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR