Bank Of Baku

Azərbaycanda sosial sığorta haqlarından yayınan sahələr açıqlanıb

Azərbaycanda sosial sığorta haqlarından yayınan sahələr açıqlanıb
# 30 dekabr 2011 14:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Hazırda Azərbaycanda rəsmi rəqəmlərə görə, məşğul əhalinin yalnız 45%-i sosial sığorta ödəyicisi kimi qeydiyyatdadır. «APA-Economics»in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Sisteminin fərdi uçot sistemində sosial sığorta ödəyicisi kimi qeydiyyatda olanların sayı 1 mln. 966 min 607 nəfərdir. Bundan təqribən 1 mln. 370 min nəfərə yaxını muzdla işləyənlər, 600 min nəfər isə özünəməşğul kimi qeydiyyata düşənlərdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə isə ölkədə 4 mln. 370 min nəfərə yaxın məşğul əhali var. Başqa sözlə, 4,3 mln. məşğul əhalinin yalnız 1,9 mln. nəfəri qeydiyyatdadır, qalan hissə isə uçotda deyil.

S.Müslümovun sözlərinə görə, belə vəziyyətin yaranmasının ən böyük səbəblərindən biri kənd təsərrüfatında çalışanların uçota alınmasındakı problemlərdir: «Hazırda DSK-nın məlumatına görə, ölkədə kənd təsərrüfatında məşğul olanların sayı təqribən 1,7 mln. nəfərə yaxındır. Bunların qeydiyyata alınması son dərəcə vacib məsələlərdən biridir».

DSMF sədri bildirib ki, kənd əhalisinin qeydiyyatının sosial sığorta haqlarını ciddi artıracağı gözlənilmir: «Çünki Azərbaycanda kənd təsərrüfatı üçün sosial sığorta tarifləri son dərəcə aşağıdır. Belə ki, kənd təsərrüfatında çalışanların 7 nəfəri sənayedə çalışanların 1 nəfəri qədər sosial sığorta haqq ödəyir».

Uçotdan yayınma ilə bağlı digər hallar pərakəndə ticarətdə, şadlıq evləri və restoran biznesində, tikinti və özəl nəqliyyat sektorundadır. DSMF rəhbəri bildirib ki, hazırda fond Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə işləyənlərin qeydiyyatının gücləndirilməsi üzrə işlər aparır: «Bu gün DSMF-nin birbaşa müdaxilə etməsi hüququ yoxdur. Amma müvafiq orqanları bunu həyata keçirir və bizə bununla bağlı məlumatlar verirlər. Məsələn başa çatmaqda olan 2011-ci il ərzində Vergilər Nazirliyi tərəfindən dəfələrlə aşkar edilmiş və qeydiyyata alınmalı olan şəxslər barədə məlumatlar daxil olub və onların qeydiyyatı aparılıb. Təkcə bu il 123 min nəfərdən artıq şəxs qeydə alınıb».

S.Müslümovun sözlərinə görə, hazırda bu iki məsələ əsas problem olaraq qalır: əmək haqlarının leqallaşdırılması və qeydiyyatdan kənar çalışanların qeydiyyata alınması. DSMF bunun qarşısını almaq üçün 2012-ci ilin yanvarından başlayaraq sığorta-pensiya sistemində məcburi yığım komponentinin tətbiqinə hazırlaşır. Söhbət bu gün mövcud olan 25%-lik sığorta haqqının insanların özləri tərəfindən ödənilən 3%-in real yığıma getməsindən gedir: “İndi bununla bağlı tədqiqatlar aparılır, eləcə də bu sahədə xarici ölkələrin təcrübəsi öyrənilir. Bu sistemin tətbiqi insanlarda pensiya sisteminə böyük etimad yaradacaq. Real yığım komponenti daha çox insanın qeydiyyata düşməsinə kömək edəcək - hər kəs özünün hesabını və burda yığılan vəsaitləri görəcək».

Fond sədrinin sözlərinə görə, 2020-ci ilədək muzdlu işçi kimi çalışanların əlavə 5%-i, özünəməşğul əhalinin isə 40%-ə yaxını leqallaşdırılmalıdır ki, pensiya sisteminin kəsiri azalsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR