Bank Of Baku

Hüseyn Bağırov: “Bəzi kəndlərdə sakinlər sutəmizləyici qurğulara ögey münasibət nümayiş etdirir”

Hüseyn Bağırov: “Bəzi kəndlərdə sakinlər sutəmizləyici qurğulara ögey münasibət nümayiş etdirir”
# 09 yanvar 2012 15:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyində ölkə ərazisində quraşdırılan sutəmizləyici qurğular və onların vəziyyəti ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, nazir Hüseyn Bağırov çıxışında deyib ki, Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən ölkənin suya tələbat olan bölgələrində sutəmizləyici qurğuların quraşdırılmasına başlanıb: “İndiyə kimi kənd və qəsəbələrdə 188 sutəmizləyici qurğu quraşdırılıb. 23 milyon manat vəsait hesabına başa gələn bu qurğular saniyədə 100 litr suyu təmizləyir”.

Nazir bəzi mətbuat vasitələrində həqiqətə uyğun olmayan yazıların yer aldığını söyləyib: “Lakin biz öz işimizi görürük və sutəmizləyici qurğuların işlək vəziyyətdə saxlanılması üçün zəruri fəaliyyəti həyata keçirməkdə davam edirik. Bu qurğuların çoxu elə kəndlərdə quraşdırılıb ki, heç sovet dövründə həmin yaşayış məntəqələri içməli su ilə təmin olunmayıb”.

Nazirin sözlərinə görə, bəzi kəndlərdə sakinlər bu qurğulara ögey münasibət nümayiş etdirir: “Qurğular quraşdırılandan sonra bələdiyyələrə təhvil verilib. Lakin nədənsə qısa müddətdə bəzi qurğular - su kranları yararsız hala salınır. Bələdiyyələrin və sakinlərin ögey münasibəti bizi məcbur etdi ki, qurğuları öz balansımızda saxlamaq üçün Nazirlər Kabinetinə müraciət edək. Hökumətin qərarına əsasən qurğulara nəzarəti həyata keçirmək üçün ştat ayrıldı”.

Nazirliyin Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlara nəzarət və təminat mərkəzinin direktor əvəzi Ramik Əşrəfov isə deyib ki, 63 ədəd qurğunun su mənbəyi olan arx və kanallara su fasilələrlə verilir. 54 qurğunun elektrik enerjisi götürdüyü transformatorlarda gərginliyin normadan aşağı olduğu, işıq fasilələrlə verildiyi və gərginlik daim kəskin dəyişdiyi üçün nasoslar tez-tez sıradan çıxır, avadanlıqlar, şitdaxili stabilizatorlar yanır və idarəedici sistemlər pozulur. O, bələdiyyələrlə bağlanan müvafiq müqaviləyə əsasən bələdiyyələrin qurğuların qorunmasına görə cavabdehlik daşıdığını da diqqətə çatdırıb.

Tədbirdə iştirak edən “Davamlı İnkişaf” Cəmiyyətinin sədri Fikrət Cəfərov isə çıxışında aparılan bir sıra monitorinqlərin, o cümlədən “Mühit” Ekoloji Mühafizə İctimai Birliyinin apardığı monitorinqin gedişinə dair açıqladığı hesabatdan narazı qaldığını diqqətə çatdırıb.

“Mühit” Ekoloji Mühafizə İctimai Birliyinin sədri Əziz Azəri isə sutəmizləyici qurğularla bağlı apardıqları monitorinqin yekunlaşmadığını və bu istiqamətdə nazirliklə əməkdaşlığa hazır olduqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR