Bank Of Baku

AMEA Kibernetika İnstitutunun direktoru: “Azərbaycan Xəzər dənizi regionunda zəlzələlər haqqında qabaqcadan proqnoz verə bilər”

AMEA Kibernetika İnstitutunun direktoru: “Azərbaycan Xəzər dənizi regionunda zəlzələlər haqqında qabaqcadan proqnoz verə bilər”
# 11 yanvar 2012 13:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Yaxın zamanlarda Azərbaycan bütün Xəzər dənizi regionunda zəlzələlərin qabaqcadan proqnozlaşdırılmasını təmin edə bilər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib. O qeyd edib ki, artıq Türkmənistan AMEA Kibernetika İnstitutunun zəlzələləri qabaqcadan proqnozlaşdıran stansiyaların fəaliyyəti ilə maraqlanıb və rəhbərlik etdiyi quruma belə stansiyaların quraşdırılmasında yardım etməsi üçün müraciət edib: “Türkmənistan ərazisində də belə stansiyalar quraşdırılsa, zəlzələlərin qabaqcadan proqnozlaşdırılması bütün Xəzər dənizi hövzəsini əhatə edəcək”.

T. Əliyev bildirib ki, hazırda Azərbaycanda zəlzələləri qabaqcadan proqnozlaşdıran iki stansiya fəaliyyət göstərir. Onlardan biri 2010-cu ilin mayın 1-də Qum adasında quraşdırılan stansiyadır. Digər stansiya isə Şirvanda quraşdırılıb. Hazırda isə Naftalan və Siyəzəndə belə stansiyaların quraşdırılması üzərində iş gedir: “Bu stansiyaların yaxın 3 ay ərzində quraşdırılması gözlənilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bu prosesə dəstək verir. Nazirliyin yardımı ilə server yaradılacaq və stansiyalardan ötürülən məlumatlar serverə daxil ediləcək. Hazırda zəlzələləri 500 km radiusda 10-12 saat əvvəldən proqnozlaşdırmaq mümkündür. 4 stansiya tam fəaliyyətə başlayandan sonra isə həmin radiusdakı anomal seysmik proseslərin dəqiq koordinatlarını vermək mümkün olacaq”.

İnstitut direktoru qeyd edib ki, gələcəkdə proqnozların etibarlılığını daha da artırmaq üçün əlavə 4 stansiyanın quraşdırılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR