Bank Of Baku

BQXK-nın Azərbaycan nümayəndəliyi Füzuli rayonunun cəbhə xəttinə yaxın iki kəndində yeni su təchizatı sisteminin açılışını keçirib

BQXK-nın Azərbaycan nümayəndəliyi Füzuli rayonunun cəbhə xəttinə yaxın iki kəndində yeni su təchizatı sisteminin açılışını keçirib
# 18 yanvar 2012 13:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi Füzuli rayonunun cəbhə xəttinə yaxın Qazaxlar və Mirzənağılar kəndlərində istifadəyə verilmiş iki yeni su təchizatı sisteminin açılışını keçirib. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanovanın APA-ya verdiyi məlumata görə, cəbhə xəttinə yaxın ərazilərdə su problemi yeni deyil. Dağlıq Qarabağ münaqişəsinin nəticəsi olaraq cəbhə xətti yaxınlığındakı içməli su mənbələri sakinlər üçün əlçatmaz olub.

BQXK-nın su mühəndisi Julyen Berda qeyd edib ki, yeni su təchizatı sistemi sakinləri təkcə keyfiyyətli içməli su ilə təmin etmir, hər iki kənddə yaşayan 760 nəfərin həyətyanı sahədə tərəvəz əkməsi üçün kiçik miqyaslı suvarma işlərini də mümkün edir: “Biz Tərtər rayonunun Təzəkənd və Dəmirçilər kəndlərində də su təchizatı sistemi ilə bağlı işimizi bitirmişik. Bu dörd icmanı birlikdə götürsək, 2600-dan çox adam bu layihədən bəhrələnir".

Britaniya Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıq və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə BQXK səkkiz icmada yaşayan, ehtiyacı olan 934 ailəni kiçik miqyaslı iqtisadı dəstək proqramı çərçivəsində nağd pul qrantı ilə də təmin edib. Tərtər rayonunun Həsənqaya, Təzəkənd və Dəmirçilər, Füzuli rayonunun Qazaxlar və Mirzənağılar, Ağdam rayonunun Evoğlu, Qaradağlı və Rzalar kəndlərinin sakinləri indi artıq ətlik heyvanların kökəldilməsi, heyvandarlıq, kiçik biznes, buğda və ya arpa becərilməsi kimi fəaliyyətlərin nəticəsində davamlı gəlir əldə edə bilərlər.

1992-ci ildən bəri regionda fəal olan BQXK münaqişənin cəbhə xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin həyatına təsir edən humanitar nəticələrini diqqətdə saxlayır və yerli hakimiyyət orqanlarının vəziyyəti yaxşılaşdırmağa yönəlmiş səylərini dəstəkləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR