Azərbaycanda 2,4 milyondan çox insan sosial ödənişlə təmin olunur

Azərbaycanda 2,4 milyondan çox insan sosial ödənişlə təmin olunur
# 30 sentyabr 2021 11:31 (UTC +04:00)

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasından 29 il ötür.

Fonddan APA-ya verilən məlumata görə, DSMF məcburi dövlət sosial sığortası və könüllü sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanına əsasən DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilməsi Fondun fəaliyyətində inzibati idarəçiliyin birbaşa əhaliyə xidmət modeli ilə əvəzlənməsinə yönəlik mühüm islahat tədbiri olub. Sosial sığorta və sosial müdafiə sahələrində vətəndaşlara daha yüksək səviyyəli xidmətlərin göstərilməsi, bu xidmətlərin çevikliyi və əlçatanlığının, şəffaflığının təmin edilməsinə yönəlik tədbirlər, bu məqsədlə müxtəlif innovativ həllər tətbiqi ardıcıl xarakter alıb.

Fondun fəaliyyətində əhaliyə xidmətlərin təşkili Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi, 30 ilə yaxın Ermənistanın işğal altında qalmış doğma torpaqlarımızı azad etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin ailə üzvlərinə sosial təminat növləri üzrə ödənişlərin (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunması işlərində də təsdiqini tapıb.

Həmin ödənişlərin təyin olunması işlərinin operativ təşkili üçün postmüharibə dövrünün elə ilk günlərindən xüsusi işçi qrup yaradılıb və bütün əməkdaşlar bu işlərə səfərbər edilib. Şəhid ailələri üzvlərinin müraciətinə, onların zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılır və elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunur. Həmin müharibənin şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyinatı aparılıb. Vətən müharibəsi qazilərindən əlillik təyin edilmiş artıq 2000 qaziyə də müvafiq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib.

Publik hüquqi şəxsə çevrildikdən sonra Fondun strukturu tam yenilənməklə, 2020-ci ildə Fond sistemində ölkə üzrə bütün maliyyə-mühasibatlıq əməliyyatları mərkəzləşdirilib ki, bu da xərclərə nəzarətin gücləndirilməsinə, xərclərin optimallaşdırılmasına, ödənişlərdə çevikliyin təmin olunmasına imkan yaradıb. Fərdi uçot sisteminin mərkəzləşməsi fərdi uçot sisteminin təkmilləşdirilməsinə töhfə olub. Eləcə də ölkə üzrə sosial təminat növlərinə aid sosial ödənişlərin təyinatı, maddi-məişət şəraitinin müayinəsinin aparılması, Fondun arxivi və inventarlaşdırma işi də mərkəzləşdirilib ki, bununla həmin sahələrdə idarəçiliyin tam şəffaflaşdırılması və optimallaşdırılması, xidmətlərin vətəndaş-məmur təması olmadan, şəffaf həyata keçirilməsi və keyfiyyətinin yüksəldilməsi təmin edildi. Hazırda 2,4 milyondan çox insan pensiya, müavinət və təqaüdlə, ünvanlı sosial yardımla təmin olunur ki, bütün bu sosial ödənişlər hər ay vaxtlı-vaxtında həyata keçirilir.
Qurumun fəaliyyətində mühüm nailiyyətlərdən biri də sosial təminat növləri (pensiya, müavinət və təqaüd) üzrə ödənişlərin elektron infrastruktur üzərində proaktiv qaydada təyinatı, vətəndaşların müraciəti belə olmadan onların sosial təminat hüquqlarının avtomatik qaydada reallaşdırılmasıdır. Təkcə bu ilin 8 ayında 130 minədək pensiya, müavinət, təqaüd təyinatı e-qaydada, proaktiv formada həyata keçirilib. Həmçinin 93 min sosial sığorta nömrəsinin açılması da e-qaydada, proaktiv formada yerinə yetirilib. Eləcə də Fondun fəaliyyət istiqamətləri üzrə vətəndaşlara arayışlar verilməsi də elektron qaydada yerinə yetirilir. Həmçinin ünvanlı dövlət sosial yardımı ilə bağlı prosedur sadələşdirilib, sosial yardımın aztəminatlı ailələrə əlçatanlığı artırılıb. Fond üzrə xidmətlərin əhatə dairəsi daha da genişləndirilib.
Müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə Fondun aparatı və regional şöbələrin əməkdaşlarından ibarət Operativ Dəstək Qrupu fəaliyyət göstərir. İstər sosial şəbəkələr, istərsə də rəsmi qaydada müraciətlərə operativ şəkildə baxılaraq tədbirlər görülür.

DSMF-nin qarşıdakı dövrdə də fəaliyyətinin əsas məramını əhaliyə xidmətlərin çevik və şəffaf təşkili, vətəndaş məmnunluğunun təminatı prinsipi təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR