Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sabunçu rayonu ərazisində yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlimi keçirib.
APA xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyətli obyektlərdə yanğın baş verdikdə yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsidir. Bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 17 ədəd texnikası və 85 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Təlim zamanı Neft Emalı Zavodunun 1 nömrəli rezervuar parkında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat sektorunun rəisi, daxili xidmət baş leytenantı Əlibala Əlizadə bu təlimdə ilk dəfə “KamAZ” markalı köpük qaldırıcı maşının sınaqdan keçirildiyini bildirib.