Rusiya Federasiyasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş, həmin dövlətin vətəndaşı Bəylər Əliyevin verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, Bəylər Əliyev cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyasının tələblərinə əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək mayın 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.