Ölkəmizin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılması və digər ölkələr tərəfindən özününküləşdirilmə cəhdlərinin qarşısının alınması məqsədilə Azərbaycan tərəfindən UNESCO-nun Dünya Yaddaşının Beynəlxalq Reyestrində sənədli irsimizə dair nominasiyaların təqdimatı böyük əhəmiyyət kəsb edir.
APA xəbər verir ki, bunu UNESCO İcraiyyə Şurasının qərarı ilə “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” adlı nominasiyanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması üçün qəbul olunması ilə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikası UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Emil Əhmədov deyib.
O bildirib ki, məhz bundan irəli gələrək ölkəmiz tərəfindən bu istiqamətdə aparılan fəaliyyətin mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində UNESCO-nun Dünya Yaddaşı Proqramı üzrə Milli Komitə yaradılıb.
Onun sözlərinə görə, bu günə qədər 2 sənədli irsimiz - "Tibb və Əczaçılığa dair orta əsr əlyazmaları" (2005-ci il) və "Məhəmməd Füzulinin "Divanı"ının əlyazmasının surəti" (2017-ci il) Dünya Yaddaşı Reyestrinə daxil edilib:
"Qarabağ xanlığının son varisi hesab edilən Xan qızı Natəvanın 1886-cı ildə hazırladığı və müxtəlif qəzəllərlə yanaşı, sulu boya və karandaşla çəkilmiş müxtəlif güllərin əks olunduğu “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”nun Dünya Yaddaşı Reyestrinə daxil edilməsi Qarabağda, xüsusilə də Şuşada ədəbi-mədəni irsimizin təsdiqinin UNESCO səviyyəsində də tanınmasının bir göstəricisidir. Bu gün işğaldan azad edilmiş Şuşanın yenidən dirçəlməsi, tarixi-mədəni irsimizin bərpası və qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm bərpa-quruculuq işləri görülür. 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Şuşa şəhəri tək ölkəmiz üçün deyil, həm də Türk dünyası üçün tarixi-mədəni əhəmiyyətə və müstəsna mənəvi dəyərə malik bir şəhərdir. Şuşada yaşayıb yaratmış Xurşidbanu Natəvanın əsərinin beynəlxalq səviyyədə reyestrə daxil edilməsinin Qarabağımızda, Şuşada mədəni irsimizin bərpası istiqamətində görülən işlərə az da olsa öz töhfəsini verəcəyini ümid edirik.
İnanıram ki, ölkəmizin elm, mədəniyyət və digər müvafiq sahələrində çalışan mütəxəssislərinin davamlı və yorulmaz fəaliyyəti nəticəsində UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilən sənədli irsimizin sayı daha da artacaq".