Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın APA-ya müsahibəsi
- İradə həkim, son zamanlar dünyada, eləcə də ölkəmizdə tez-tez rast gəlinən ağciyər xəstəliklərinin əsas simptomları, səbəbləri və onların müasir müalicə üsulları nələrdir?
- Bütün dünyada olduğu kimi, Azərbaycanda da rast gəlinən ağciyər xəstəlikləri arasında bronxial astma, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, pnevmoniyalar, bronxitlər, ağciyər xərçəngi, ağciyər vərəmi və s. qeyd etmək olar. Əlbəttə ki, əsas simptomlar hər bir xəstəliyə uyğun olaraq dəyişir. Ümumi simptomlar isə öskürək, təngnəfəslik, hərarət, döş qəfəsində ağrılar, qanhayxırma və halsızlıqdır. Bu şikayətlər olduğu halda mütləq həkimə müraciət etmək, müayinələrdən keçmək lazımdır. Diaqnoz təsdiqləndiyi halda isə etioloji müalicə təyin oluna bilər.
- Siqaret çəkmək və ya siqaret tüstüsünə məruz qalmaq tənəffüs yolları xəstəliklərinin əmələ gəlməsində və ya xəstəliklərin kəskinləşməsində necə rol oynayır?
- Tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var. Tibdə xroniki tütün çəkmə, tütün asılılığı, nikotin asılılığı, tütünə və ya nikotinə qarşı meyl kimi müəyyən edilir. Tütün çəkmə, tütün asılılığı vərdiş, nöqsan, həzz və ya həyat tərzi seçimi deyil, residivləşən xəstəlikdir. Bu, onkoloji, ürək-damar, tənəffüs yolları xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Reproduktiv sağlamlığa, hamiləliyin ağırlaşmalarına, yeni doğulanlarda fəsadlara gətirə bilər. Həmçinin, kataraktalar, mədənin peptik xorası, immun sisteminin zəifləməsi kimi xəstəliklər yarada bilər. Bununla yanaşı, tütün çəkənlərin xarici görünüşü də dəyişir. Tütün çəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsi və qırışların yaranmasına gətirib çıxarır.
- Siqareti tərgitmək istəyənlər üçün bu gün tibbin hansı müasir imkanları var?
- Müasir imkanlara plastır və nikotin saqqızları, hipnoz və ya kodlaşdırma, akupunktura və s. aid edə bilərik. Nikotin asılılığından qurtulmaq istəyənlər ətrafındakılarla danışmalı və olduqları məkanda siqaret çəkməməklərini xahiş etməlidirlər. Bu qərarı vermiş şəxs siqaret çəkilən otağa girməməli, hətta həmin yerlərin yaxınlığında dayanmamalıdırlar. Evdə və ya işdə boş vaxtlarında siqaret çəkməməlidir. Siqaret çəkməyi xatırladan hər şeyi göz qabağından yığışdırmalıdır. Məsələn, külqabı, alışqan və s. Siqareti məsələn, idman və ya digər aktiv fəaliyyətlərlə əvəz etməlidir. Bol su içməli, daha az şirniyyat yeməyə diqqət etməlidir. Ən əsası isə siqaretdən tam qurtulmaq üçün güclü iradə lazımdır.
- Siqaret çəkmə vərdişindən azad olmaq istəyənlərin bir çox hallarda elektron siqaretlərdən istifadə etdiyi müşahidə olunur. Xüsusilə də son illərdə elektron siqaret çəkənlər çoxalıb. Bunun səbəblərindən biri də elektron siqaretlərin tütündən daha az mənfi təsirləri olduğuna dair fikirlərin olmasıdır. Doğrudanmı elektron siqaretlər deyildiyi kimi tütündən daha az mənfi təsirə malikdir?
- Elektron siqaret - veyp, e-siqaret - istifadəçinin nəfəs aldığı yüksək dispersli aerozol yaradan elektron cihazdır. Veyp və ya elektron siqaretdən alınan aerozol adi siqaretlər kimi ağciyərlərdə qısa müddətli iltihab reaksiyasına səbəb olur. Tənəffüs edilən aerozol mikrohissəcikləri alveolları qıcıqlandıra və astma tutmasına səbəb ola bilər. Elektron siqaretlər adi siqaretlər kimi tütünü yandırmaq əvəzinə mayeni buxarlayaraq işləyir. Əksər hallarda veypin mayesinin tərkibində nikotin, eləcə də digər zərərli maddələr olur. Bu maddələr tənəffüs sisteminə təsir edə bilər. Kanserogen hesab edilən maddələr isə xərçəngə gətirib çıxarır. Elektron siqaretlər təsəvvür etdiyimizdən qat-qat zərərli və təhlükəlidir. Çünki burada nikotin buxarlanır və bu, ağız boşluğunun selikli qişasının yanmasına, xərçəngə, tənəffüs sisteminin zədələnməsinə, beyin damarlarının aterosklerozuna səbəb olur.
- İradə həkim, institutda hazırda ağciyər, xüsusilə də vərəmdən neçə xəstə müalicə alır?
- Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 2 istiqamətdə stasionar müalicə aparılır: vərəm xəstələri və pulmonoloji, qeyri-vərəm xəstəlikləri olan pasiyentlər. İnstitutun stasionar şöbələrində müalicə alan pasiyentlərin sayı 150-200 arasında dəyişir. Vərəm xəstələrinin sayı əsasən bu rəqəmin yarısını təşkil edir. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və Səhiyyə Nazirliyi tərəfindən qəbul olunan qaydalara əsasən, vərəm xəstələri diaqnozları təsdiq olunan halda müalicələrini ambulator şəraitdə, qeydiyyat və ya yaşadığı ünvanlarına uyğun olaraq başlamalıdırlar. Əgər xəstənin klinik protokollarında qeyd olunan hospitalizasiya meyarları yaranarsa, o dərhal stasionar müalicə almaq üçün xəstəxanaya yerləşdirilir. İnstitutun stasionar şöbələrində müxtəlif yaş qrupları üzrə xəstələr müalicə alır. Stasionarımızda yaşı 18-dən yuxarı olan xəstələr müalicə alır.
- Ağciyər xəstəliklərindən əziyyət çəkən xəstələr üçün institutda mövcud olan əsas müalicə üsulları hansılardır və sizcə, bu müalicələr ümumi əhali üçün nə dərəcədə əlçatandır?
- Öncə ağciyər xəstəliyindən əziyyət çəkənlərin diaqnostikası düzgün aparılmalıdır. İnstitutda laboratoriya, şüa-diaqnostika və instrumental diaqnostik şöbələrdə müayinələr aparılır. Düzgün diaqnostika düzgün müalicə üçün əsasdır. Müalicə üsulları Səhiyyə Nazirliyi tərəfindən təsdiqini tapmış klinik protokollar əsasında aparılır. Göstərişlər olduğu halda cərrahi əməliyyatlar icra edilir. Ağciyər Xəstəlikləri İnstitutu Azərbaycan Respublikasının bütün əhalisi üçün İcbari Tibbi Sığorta çərçivəsində xidmət göstərir.
- İradə həkim, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda xüsusilə vərəmin aşkarlanması, müalicə və profilaktikasında hansı yeni yanaşmalardan istifadə olunur?
- Ümumdünya Səhiyyə Təşkilatının və ölkəmizdə də öz təsdiqini tapmış yeni protokollara əsasən, vərəm mikrobakteriyasının sürətli aşkarlanması və dərmanlara davamlılıq testləri aparılır. Yeni diaqnostik və müalicəyə nəzarət üçün alqoritmlər qəbul olunub. Düzgün diaqnostikadan sonra müalicə təyin olunur. Aşkarlanmış vərəm mikrobakteriyasının həssaslığına və ya davamlılığına uyğun olaraq müalicə kursları təyin olunur. Hazırda həssas vərəmin müalicəsində 4 aylıq müalicə kursu, dərmanlara davamlı vərəmin müalicəsində 6 aylıq kurs təyin oluna bilər. Bununla yanaşı, vərəmin profilaktikası üçün yeni kurslar təyin olunur. Bütün vərəm əleyhinə preparatlar Milli Vərəm Proqramı çərçivəsində dövlət tərəfindən dəstəklənir və qeydiyyata alınan xəstələrə ödənişsiz verilir.
- COVID-19 pandemiyasından sonra tənəffüs yolları, ağciyər xəstələrinin sayında hələ də artım müşahidə edilirmi? Koronavirusun hansı ciddi təsirləri bu gün də ölkəmizdə müşahidə olunur?
- Təbii ki, ağciyərlərdə yayılmış fibroz dəyişikləri təngnəfəsliyə, nəfəs darlığına səbəb olduğunu nəzərə alaraq, COVID-19 pandemiyasından sonra ağciyər xəstəliklərinin fəsadlarına rast gəlinib. Lakin aparılan müalicələr və koronovirusun müxtəlif ştammlarının zəif təsiri nəticəsində bu fəsadların azalması müşahidə edilib. Hazırda COVID-19-un ağciyər xəstəliklərinə kəskin təsirli fəsadları müşahidə edilmir.
- Bilirik ki, Bakının atmosfer havası çirklidir. Bununla bağlı açıqlanan gündəlik nəticələrə görə Bakının havasında dəm qazı, azot normadan yüksəkdir. Eyni zamanda, havada bəzi hallarda transsərhəd xarakterli toz da müşahidə edilir. Bunun tənəffüs orqanlarının sağlamlığına hansı təsirlərini proqnozlaşdırırsınız və fərd olaraq hər kəs özü bununla bağlı hansı profilaktik tədbirlər görə bilər?
- Havanın çirklənməsinin sağlamlığa ciddi fəsadları var. Buraya insult, ağciyər xərçəngi, tənəffüs və ürək xəstəliklərini aid etmək olar. Havanın çirklənməsinin sinir sisteminə də təsiri mümkündür. Havanın çirklənməsi, həmçinin idrak funksiyalarının və yaddaşın pozulmasına da səbəb ola bilər.
- Payız-qış, eləcə də yaz aylarında tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərə tövsiyələriniz nələrdir?
- Yaz-payız ayları allergik mənşəli xəstəliklərin kəskinləşmə vaxtıdır. Bununla əlaqədar, xroniki allergik xəstəlikləri olan pasiyentlər profilaktik müalicə almalı, trigger olan allergenlərdən, allergiya yarada biləcək səbəblərdən uzaq olmalıdırlar. Qış mövsümündə soyuqdəymə səbəbi olan xəstəliklərin – bronxitlərin, pnevmoniyaların tez-tez əmələ gəlməsi qeyd olunur. Pasiyentlərimizə soyuqdan qorunmaq, orqanizmin möhkəmlənməsi tövsiyə olunur.
- Ağciyər və tənəffüs yolları xəstəlikləri ilə bağlı bu gün əhali arasında hansı yanlış təsəvvürlərin və miflərin olduğunu müşahidə edirsiniz?
- Əsas yanlış təsəvvür və mif vərəm xəstəliyinin irsi və sağalmayan xəstəlik olmasıdır. Vərəm infeksion xəstəlikdir. Törədicisi vərəm mikrobakteriyasıdır. Hava-damcı, hava-toz yolu ilə ötürülür. Vərəm tam sağalan xəstəlikdir. Vaxtında müayinə olunub, diaqnoz təsdiq olunandan sonra, xəstə qeydiyyatda olduğu tibb müəssisəsində müalicəyə başlayır.
Ağciyər sağlamlığı ilə bağlı nəticələrin yaxşılaşması da bizim pasiyentlərin öz əlindədir. Sağlam həyat tərzi, pis vərdişlərdən uzaq olmaq, rasional, vitaminlər ilə zəngin qidalanma, idman ilə məşğul olmaq, düzgün yuxu rejimi sağlamlığın rəmzidir.
- İradə həkim, Ağciyər Xəstəlikləri İnstitunun tibbi-texniki təchizatı, avadanlıqları ilə bağlı hazırkı vəziyyəti necədir, çatışmazlıqlar varmı, bu daha çox hansı tibbi avadanlıqlardır və bununla bağlı aidiyyəti üzrə müraciətləriniz olubmu?
- Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Səhiyyə Nazirliyi tərəfindən təchiz olunur. Xəstələrin müayinəsi üçün tibbi avadanlıqlar, laboratoriya reaktivləri və cihazlar, lazım olan preparatlar və ləvazimatlar mövcuddur. Həmçinin qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeliyinə keçdikdən sonra İnstitutun bütün korpuslarının əsaslı təmir olunması üçün gələn ilin investisiya planına salınması nəzərdə tutulub.
Foto - Rüfət Mustafayev ©️ APA GROUP