Fövqəladə Hallar Naziliyinin Gəncə Regional Mərkəzinin akt zalında Baş əməliyyat idarəsinin, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin, Mülki müdafiə işinin təşkili Baş idarəsinin, Gəncə Regional Mərkəzinin əməkdaşlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin, yerli icra strukturları və bələdiyyə rəhbərlərinin, xidmət rəislərinin iştirakı ilə müşavirə keçirilib.
FHN-dən APA-ya verilən məlumata görə, tədbirin məqsədi bölgələrdə əhalinin həyat təhlükəsizliyinin təmin edilməsi, ərazilərin fövqəladə hallardan etibarlı qorunması sahəsində regional mərkəzlərin işinin səmərəli təşkili, fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması sahəsində şəhər fövqəladə hallar komissiyası, yerli icra strukturları və bələdiyyələrlə birgə fəaliyyətin gücləndirilməsi və koordinasiyanın təkmilləşdirilməsi olub.
Müşavirədə fövqəladə halların proqnozlaşdırılması, profilaftik tədbirlərin həyata keçirilməsi, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Fövqəladə Hallar Nazirliyinin yerli qurumları ilə rayon icra hakimiyyəti, özünüidarəetmə orqanları, xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər haqqında çıxışlar olub, fikir mübadiləsi aparılıb.
Müşavirədə fövqəladə hallarla bağlı hazırlığın artırılması məqsədilə tövsiyələr verilib, mövcud problemlərin həlli yolları və qarşıda duran birgə vəzifələr ətrafında geniş müzakirələr aparılıb.