İyunun 17-də Gəncə şəhərində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Veysəloğlu” Şirkətlər Qrupunun baş sponsorluğu ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.
APA xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertdə Xalq artistləri Azər Zeynalov, Teyyub Aslanov, Simarə İmanova, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Aybəniz Haşımova, Nuriyyə Hüseynova, Sevinc Sarıyeva, solistlər Vəfa Vəzirova, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Cəlal Kərimov, Nurlana Abdullayeva, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental heyəti, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də “Sənət Akademiyası”nın tələbələri çıxış edəcəklər.
Konsertin informasiya dəstəyi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunur.
Bədii hissədən dərhal sonra rəsmi ziyafət təşkil olunacaq.
Məlumat üçün bildirək ki, həm konsert, həm də rəsmi ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.
Konsertdən əldə ediləcək vəsait Ağdam rayonunun ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Xatırladaq ki, “Qarabağ gecəsi” adlı xeyriyyə konserti ilk dəfə olaraq 26 iyun 2022-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunub.
Konsertdən 171 257 manat vəsait toplanıb. Toplanan vəsait hesabına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yüksək keyfiyyətli royalın alınması qərara alınıb.