Respublikanın hər yerində olduğu kimi, Gəncədə də şəhid ailələrinə xüsusi diqqət göstərilir, vətən uğrunda canından keçən oğullarımızın xatirəsi ehtiramla yad edilir.
APA xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ötən həftə ərzində Vətən müharibəsi şəhidləri Abdullayev Həsən Qərib oğlu, Ələkbərov Rəşad İlqar oğlu, İsrafilov Vidadi Vaqif oğlu, Məmmədov Qəzənfər Habil oğlu, Cəfərov Röyal Vaqif oğlu, Mahmudov Elşad Suliddin oğlu və Rüstəmov Aydın Elxan oğlunun anım mərasimlərinə qatılıb, ailələrinə başsağlığı verib. Mərasimlərdə Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən igidlərimizin məzarları ziyarət olunub, onların ruhuna dərin ehtiram bildirilib.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və qazilər daim diqqətdə saxlanılırlar. Şəhər rəhbərliyi və aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə bu kateqoriyadan olan şəxslərlə mütəmadi olaraq görüşlər keçirilir, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq formada tədbirlər görülür.