“Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin təməl hədəfləri əhali arasında mental vəziyyəti yaxşılaşdırmaq və psixoloji dəstəyə əlçatanlığı artırmaqdır.
APA xəbər verir ki, bunu “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinə dair təqdimat mərasimində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. Onun sözlərinə görə, COVID-19 dövründə də psixoloji sağlamlıq məsələsi önə çıxmışdı.
"Qarabağ müharibəsindən sonra isə məsələnin önəmi daha da artıb. Layihə çərçivəsində ilk olaraq Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Füzuli olmaqla beş bölgə seçilib və orada ilkin səhiyyə verən qurumlarda tibb işçilərinin psixoloji-sosial istiqamətdə təməl bilik və bacarıqlarının artırılmasına çalışdıq", - deyə o bildirib.
Hande Harmancı deyib ki, COVID-19 dövründə də hər kəsdə, xüsusilə gənclərdə psixoloji sosial xidmətlərə olan ehtiyac artıb.
"Burada diqqət çəkmək istədiyimiz əsas məsələ psixoloji sosial xidmətin bir gün hamımıza lazım ola biləcəyidir. Xüsusilə həm COVID-19, həm də müharibə dövründən sonra psixoloji sosial sağlamlıq hər kəs üçün önəmlidir. Bu xidmətlərin əlçatan olması da çox vacibdir. Əsas məsələ bununla məşğul olan qurumların koordinasiyasıdır. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə bu məsələ ilə bağlı xidmət verən kadr çatışmazlığı var. Azərbaycanda bu çatışmazlıq daha çox rayonlarda hiss olunur.
Buna görə icmanın psixoloji dəstəyə əlçatanlığını artırmaq üçün ilkin səhiyyə xidməti göstərən tibb bacılarına müəyyən bilik və bacarıqlar öyrədilir ki, həmin insanları tanıya və onlara yardım edə bilsinlər". - deyə o bilidirib.
Hande Harmancı qeyd edib ki, psixoloji sosial xidmətlərə olan ehtiyac artıb:
"Psixoloji sosial xidmətlərə ehtiyacı olan insanların bu məsələni danışa bilməməsi, ayıb bilməsi məsələsi var. Bu da bəzi qruplar üçün diskriminasiyaya da səbəb olur. Buna görə bu istiqamətdə danışmağa və fikirləri dəyişməyə ehtiyac var".
Qeyd edək ki, layihə çərçivəsində 20 psixiatr və ilkin səhiyyə həkimindən ibarət milli təlimçi komandası yaradılıb. Milli təlimçilər üçün mhGAP üzrə beynəlxalq ekspert tərəfindən superviziyalar təşkil olunub. Hədəf rayonlarda 100-dən çox ilkin səhiyyə həkiminin psixi sağlamlıqla bağlı bilik və bacarıqları artırılıb. Təlimlərdə iştirak etmiş ilkin səhiyyə həkimlərinə milli təlimçilər tərəfindən 10 superviziya keçirilib.
Hədəf rayonlarda psixososial dəstəyin göstərilməsi məqsədi ilə psixoloq və sosial işçilərdən ibarət komanda yaradılıb. Ağdam Rayonlararası Ruhi-əsəb Dispanserindǝ psixoloq va sosial işçi üçün ofis quraşdırılıb. TƏBİB-in həssas əhali qrupları ilə iş üzrə 50-ǝ yaxın koordinatoru üçün "Psixososial dəstəyin tamal prinsiplari" mövzusunda təlim təşkil olunub.