“Vətən müharibəsi zamanı ölkə mediası da informasiya cəbhəsində mübarizə apardı və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı”.
APA xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Femida Dialoq Platforması üzrə media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, Vətən müharibəsindən sonra regionumuzda yeni geosiyasi reallıqlar meydana çıxıb: “Ölkəmizin regional və qlobal əhəmiyyəti daha da artıb, yeni çağırışlar meydana gəlib. Bu çağırışlara cavab vermək üçün bütün əlaqədar təşkilatlarla qarşılıqlı dialoq və əməkdaşlıq vacibdir. Yalnız bu yolla biz qarşılaşdığımız problemləri həll edə və qarşımıza qoyduğumuz məqsədləri reallaşdıra bilərik”.