Xurşidbanu Natəvanın "Gül dəftəri" illüstrasiyalı şeirlər toplusunun UNESCO səviyyəsində qəbulu Qarabağın Azərbaycan torpağı olmasının sübutudur.
APA xəbər verir ki, bunu UNESCO İcraiyyə Şurasının qərarı ilə “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” adlı nominasiyanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması üçün qəbul olunması ilə bağlə keçirilən brifinqdə İsa Həbibbəyli deyib.
O qeyd edib ki, Xurşidbanu Natəvan Qarabağın görkəmli ictimai xadimidir:
""Gül dəftəri" şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə qəbul olunmasını həm də Fransa şovinizminə bir cavab olaraq qiymətləndirirəm".
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli deyib ki, Xurşidbanu Natəvan Qarabağda yaşayıb yaratsa da, təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edən, birləşdirən bir ictimai xadim olub:
""Gül dəftəri" şeirlər toplusunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil olması bizim uğurumuz, mənfur düşmənlərin yersiz iddialarına da bir cavabdır".
“Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” adlı nominasiyanın müəllifi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının alimi Nigar Babaxanova deyib ki, toplunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması həm də Azərbaycan qadının qələbəsidir:
"Hər şey 2019-cu ilin sonlarından başladı. Əlyazmalar İnstitutunun direkorunun rəhbərliyi ilə komissiya yaradıldı və sənədləşmələrdən sonra UNESCO-ya nominasiya üçün müraciət edildi. 2019-cu ildən 2023-cü ilə qədər gedən prosesdə onlarla onlayn təlimlərə qoşulduq, yaranan sualları cavablandırdıq. Biz əlimizdən gələni etdik ki, bu günü yaşayaq. Bir məqamı qeyd edim ki, proseslər gedərkən komissiya sədrlərindən biri sual verdi ki, necə ola bilir, 19-cu əsrdə Azərbaycan qadını belə açıq şəkildə yaradıcılıqla məşğul ola bilər? Biz isə onlara izah etməyə çalışırdıq ki, Azərbaycan Tomirislər, Məhsətilər ölkəsidir. Azərbaycan qadının həmişə hüquqları olub, Şərqdə ilk dəfə səsvermə hüququ olub".
Qeyd edək ki, UNESCO İcraiyyə Şurasının 216-cı sessiyasında Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub. Təqdim olunan nominasiyanın müəllifi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının alimi Nigar Babaxanovadır.