Dekabrın 23-də Mingəçevir şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil olunub.
Baş Prokurorluqdan APA-ya verilən xəbərə görə, tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ictimai fəallar iştirak ediblər. “Açıq qapı” gününün əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək və prokurorluq orqanlarının şəffaflıq prinsiplərinə əsaslanan fəaliyyətini ictimaiyyətə təqdim etmək olub.
Mingəçevir şəhər prokuroru Pərvin Quliyev çıxış edərək, bu cür görüşlərin hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş hüquq və azadlıqlarının qorunmasının, şəffaflığın və ictimaiyyətlə açıq dialoqun əsas prioritetlərdən olduğunu vurğulayıb.
Şəhər prokuroru iştirakçılara prokurorluğun səlahiyyətləri, fəaliyyət mexanizmləri və gündəlik iş istiqamətləri barədə ətraflı məlumat verib, eyni zamanda qonaqları maraqlandıran sualları cavablandırıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov respublika üzrə prokurorluq orqanlarının strukturu, funksiyaları və son illərdə həyata keçirilən islahatlar barədə çıxış edib. O, aparılan islahatların əsas hədəfinin vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin edilməsi və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi olduğunu diqqətə çatdırıb.
Tədbir zamanı iştirakçılar “Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlarla yaxından tanış olub, onların istintaq və araşdırma proseslərində tətbiqi barədə ətraflı izahatlar alıblar.
Sonda tədbir iştirakçıları üçün maarifləndirici film nümayiş etdirilib, daha sonra prokurorluğun inzibati binası ilə tanışlıq turu təşkil olunub.
Bundan başqa, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində dekabrın 23-də Mingəçevir şəhər prokurorluğunun inzibati binasında “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə prokurorluq əməkdaşları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri və ictimai fəallar iştirak ediblər.
Seminar çərçivəsində, prokurorluq orqanları ilə media və qeyri-hökumət təşkilatları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılması, məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə riayət olunmasının vacibliyi, eləcə də istintaq sirri təşkil edə biləcək məlumatların ictimailəşdirilməsinin qarşısının alınması məqsədilə jurnalistlərlə geniş fikir mübadiləsi aparılıb.
Tədbir interaktiv formatda davam etdirilib, iştirakçılar mövzu ətrafında çıxış edərək suallar ünvanlayıb və müzakirələrdə fəal iştirak ediblər.