Naxçıvan Muxtar Respublikasında yeni sənaye parkının yaradılması üçün ərazinin müəyyənləşdirilməsi və xəritələşdirilməsi istiqamətində işlər aparılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə deyib. Bildirilib ki, Sədərək rayonu Qaraağac kəndinin şərq istiqamətində sənaye parkı üçün təklif olunan 1500 hektar ərazi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, 92 hektarı Qaraağac bələdiyyəsinin mülkiyyətində ümumi istifadədə olan, 657 hektarı Sədərək rayonu inzibati ərazi vahidinin sərhədləri daxilində, 751 hektarı isə Şərur rayon inzibati ərazi vahidinin sərhədləri daxilində dövlət mülkiyyətinə aid, qış otlaq sahələrinin qismən yararsız örüş otlaq sahələridir: “Cari ilin əvvəlindən muxtar respublikada ciddi sosial-iqtisadi əhəmiyyət daşıyan irimiqyaslı layihələrin reallaşdırılması prosesinə start verilib. Belə layihələrdən biri bərpa olunan enerji mənbələrindən istifadə etməklə muxtar respublikada elektrik enerjisi istehsalının artırılması və ixrac imkanlarının yaradılmasıdır. “Yaşıl enerji” layihələrinin reallaşdırılması məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 7992 hektar kənd təsərrüfatına yararsız ərazi müəyyənləşdirilib, torpaq sahələrinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.