“Qırmızı Kitab”ın 3-cü nəşrinin Ümummilli Liderin 100 illik yubileyi ərəfəsində işıq üzü görməsi heç də təsadüfi deyil. Təbiətimizin böyük vurğunu, görkəmli dövlət xadimi Heydər Əliyevin məqsədyönlü siyasəti və davamlı fəaliyyəti sayəsində ölkədə nəsli kəsilmək təhlükəsi altında olan bir sıra bitki və heyvan növlərinin təbiətə qaytarılması, areallarının genişləndirilməsi mümkün olub.
APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda konfrans və “Qırmızı kitab”ın III nəşrinin təqdimatı mərasimində Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev deyib.
Onun sözlərinə görə, bu nəşrdə digər 2 nəşrdən fərqli olaraq növlərin beynəlxalq kateqoriyaya uyğun qiymətləndirilməsi İUCN-in (Beynəlxalq Təbiəti Mühafizə İttifaqı 2001) yeni təlimatı əsasında aparılmış, 30 illik uzun müddətli fasilədən sonra işğaldan azad edilmiş ərazilərimizdə-Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə nadir bitki və heyvan növləri tədqiq olunub:
"Növlərin, xüsusi ilə də flora növlərinin qorunma altına alınması üçün xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qalan bitki növlərinin mühafizə olunması üçün mikrorezervatların yaradılması ilə həmin növlərin yayıldığı ərazilərin kənar təsirlərdən mühafizə olunması üçün tədbirlər görülür.
Bu günlərdə məlumat verildi ki, bununla bağlı artıq Abşeron yarımadasında müxtəlif ərazilərdə - İlxıdağ, Beşbarmaq dağı, Səngəçal və Pirəkəşkül qəsəbələri ərazisində 5 belə ərazi seçilib və FAO ilə birlikdə həmin ərazilərdə yayılmış növlərin mühafizəsinin təşkil olunması növbəti mərhələlərdə təmin olunacaq.
Yeni “Qırmızı Kitab”da həmçinin, Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış nadir bitki növləri haqqında çox faydalı elmi məlumatlar öz əksini tapıb. “Qırmızı Kitab”ın 3-cü nəşrinin daha bir özəlliyi isə bu nəşrdə flora və fauna növlərinin ilk dəfə olaraq çəhrayı siyahılarının tərtib edilməsindən ibarətdir. Əvvəlki iki nəşrdən fərqli olaraq bu nəşrdə nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin sayının artması özünü biruzə verib".
Nazir deyib ki, Azərbaycanın “Qırmızı kitabı”nın I nəşrində nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 108 növ heyvan və 140 növ bitki, II nəşrində 223 növ heyvan və 300 növ bitki, III nəşrdə isə 460 növ bitki, 241 heyvan, o cümlədən 47 növ göbələk adı daxil edilib:
"İlk dəfə tərtib olunan çəhrayı siyahıya 49-u ali, 2-si ibtidai olmaqla 51 bitki növü salınıb. Nəsli kəsilmək təhlükəsi altında olan və qorunmasına ehtiyac yaranan fauna və flora növlərinin sayının artmasının səbəbi kimi antropogen təsirlərin çoxalması, kəskin şəkildə özünü biruzə verən iqlim dəyişmələrinin mənfi təsirləri və eyni zamanda əvvəlki nəşrlərin tərtibi zamanı bir çox növlər üzrə məlumatların olmadığından həmin növlərin siyahıdan kənarda qalması göstərilə bilər".