"Hər bir ali təhsil müəssisəsi keyfiyyət təminatı ilə bağlı müvafiq komissiya yaratmalıdır. Bu komissiyada bütün maraqlı tərəflər təmsil olunmalıdır".
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Ali Təhsildə Keyfiyyət Təminatı və Keyfiyyətin Gücləndirilməsi” mövzusunda Beynəlxalq Forumda çıxışı zamanı deyib.
O bildirib ki, həmin komissiyanın özünün strukturu, əsasnaməsi, fəaliyyət planı, iş qrafiki müəyyən edilməlidir.
"Bu fəaliyyət planları asan tərtib edilən sənəd deyil. İlk növbədə təhsil müəssisəsinin özünün strateji hədəflərinə, planlarına, fəaliyyət istiqamətlərinə uyğun olaraq tərtib edilməli, onun missiyasına uyğun olmalıdır. Fəaliyyət planının icrası zamanı məsul tərəflər dəqiq şəkildə müəyyən edilməlidir. İlk növbədə monitorinq və hesabatlılıq sistemi olmalıdır" - deyə o qeyd edib.
Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sisteminə gəldikdə isə nazir müavini bildirib ki, təhsil müəssisəsi özünün özünütəhlil hesabatını formalaşdırmalıdır.
"Özünü təhlil hesabatı zamanı təhsil müəssisəsi müəyyən təhlil və araşdırmalar aparmaqla həmin hesabat göstəriciləri əsasında müəyyən edə bilər ki, qeyd etdiyim müddət ərzində keyfiyyət təminatı sahəsində müəyyən edilmiş siyasəti icra edibmi? Hədəflər reallaşıbmı? İndikatorlarla bu ölçülə bilirmi? Əgər bu qeyd etdiyim prosesləri ali təhsil müəssisəsi daxildə reallaşdıra bilməyəcəksə, onun xarici keyfiyyət təminatı vasitəsilə qiymətləndirilməsi mümkün olmayacaq" - deyə o əlavə edib.