Mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda konfransda "Qırmızı kitab"ın üçüncü nəşrinin təqdimatı olub.
APA xəbər verir ki, yeni nəşrin təqdimatını Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova edib.
***
14:41
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda konfrans və “Qırmızı kitab”ın III nəşrinin təqdimatı keçirilir.
APA verir ki, konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və digər rəsmi qonaqlar iştirak edirlər.
***
12:51
"Qırmızı kitab"ın III nəşri təqdim edilir.
APA xəbər verir ki, Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni nəşrinin təqdimatı keçirilir.
İki cilddə olan "Qırmızı Kitab"ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub.