Gürcüstanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev Tbilisidə gürcüstanlı həmkarı Giorgi Amilaxvari ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın Təhsil və Elm Nazirliyində baş tutan görüş zamanı tərəflər iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirə aparıblar.
Gürcüstanın təhsil naziri Giorgi Amilaxvari iki ölkə arasında strateji əlaqələrin olduğunu və əməkdaşlıq əlaqələrinin təhsil sahəsini də əhatə etdiyini vurğulayıb. O, öz vəzifəsində görüşdüyü ilk xarici həmkarının azərbaycanlı nazir olmasına görə məmnunluğunu ifadə edib.
“Bu gün həmkarım və Azərbaycan nümayəndə heyəti ilə müəllimlərin ixtisaslaşmasının artırılması, dərsliklərin məzmununun inkişaf etdirilməsini, gürcüdilli və Azərbaycandilli tədrisin inkişaf etdirilməsini müzakirə etdik. Əminəm ki, gələcək əməkdaşlığımız daha enerjili olacaq”, - deyə gürcüstanlı nazir Giorgi Amilaxvari jurnalistlərə bildirib.
Nazir Emin Əmrullayev qeyd edib ki, görüş zamanı Azərbaycan-Gürcüstan təhsil münasibətləri, tələbə mübadiləsi, Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblər və Azərbaycanda fəaliyyət göstərən gürcüdilli məktəblərdə təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, həmçinin ADA universitetinin rektoru Hafiz Paşayev də iştirak edib.