Türkiyənin Kocaeli şəhərində yerləşən “Türkiyə-Azərbaycan” Qardaşlıq Meşəsində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar 100 ağac əkilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, ağacəkmə mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, konsul Zaur Allahverdizadə, Kocaeli valisinin köməkçisi İsmail Gültəkin və digər rəsmi şəxslər iştirak edib.
Mərasim çərçivəsində çıxış edən baş konsul Nərminə Mustafayeva Heydər Əliyev faktorunun Azərbaycanın müstəqilliyi və birliyində müstəsna rolu olduğunu vurğulayıb. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan-Türkiyə münasibətləri də dərinləşərək yeni xarakter daşıyıb.
Kocaeli valisinin köməkçisi İsmail Gültəkin öz növbəsində bu mərasimin vacibliyinə diqqətə çəkərək, iki ölkənin qardaş və müttəfiq olduqlarını vurğulayıb.