Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Sosial Siyasət komitəsinin iclasında “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə Milli Məclis Aparatının şöbə müdiri Adilə Namazova məlumat verib.
A. Abbasova deyib ki, qanunda nəzərdə tutulan müddəaların pozulmasına görə pasiyentin məhkəməyə müraciət etmək hüququ, eyni zamanda qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması öz əksini tapıb: “Bu qanun qəbul edildikdən sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq əlavə və dəyişikliklər olacaq”.
Komitə sədri Hadı Rəcəbli bildirib ki, sənədin reallaşdırılması böyük maliyyə tələb etsə də, Azərbaycan dövlətinin maliyyə imkanları onun həyata keçirilməsinə imkan verir. O, qanunun tətbiqi ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Müzakirələr zamanı çıxış edən deputat Əhliman Əmiraslanov qeyd edib ki, əgər uşaqların müayinəsi düzgün aparılarsa, o zaman bir çox xəstəlikləri vaxtında araşdırıb aradan qaldırmaq olar: “Bu, xərclənən maliyyə vəsaitinin azalmasına, uşaqların sağlam böyüməsinə şərait yaradacaq”.
Musa Quliyev isə dispanserizasiya xidmətinin əhaliyə daha da yaxınlaşdırılması üçün xüsusi avtomobillərin ayrılmasını, lazımı tibbi texnika ilə təchiz olunmuş səyyar tibbi maşınların ayrılmasını təklif edib: “Bu, daha çox kənd yerlərində yaşayan uşaqların müayinələrinin aparılmasına şərait yaradacaq”.
Müzakirədən sonra layihə ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.