Bakı. Gülnar Bəşirova - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Noyabrın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 121 m3/s, ongünlük normanın 65 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla, ongünlük normanın 101 faizini təşkil edir. Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində və Şirvanda 6 sm, Salyanda 7 sm, Bankədə 3 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 3 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 318 sm, Şirvanda 165 sm, Salyanda 123 sm, Bankədə 182 sm, Araz çayının Novruzlu məntəqəsində isə 96 sm təşkil edir.