Bakı. Könül Kamilqızı – APA. “Vərəm Azərbaycanda da ictimai səhiyyənin problemlərindəndir. Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən Azərbaycan Avropa Regionunun vərəm yükü və çoxsaylı dərmanlara davamlı vərəmi olan ölkələr arasındadır”. Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib. O bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə vərəmə qarşı mübarizə sahəsində lazımı tədbirlər aparır: “Artıq vərəmlə mübarizə istiqamətində Azərbaycanın səhiyyə sahəsində yenilik edilib. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən bütün vərəmli xəstələr müalicəsi məqsədilə birinci sıra vərəm dərmanları (izoniazid, rifampisin, streptomisin, pirazinamid, etambutol və onların kombinasiyaları) ilə tam təmin edilir. Bu dərmanlar elə də bahalı olmasa da, onların bütün xəstələri əhatə etməsi çətin proses idi. İkinci sıra dərmanlar isə vərəm əleyhinə dərmanların ikinci hissəsidir və çox bahalıdır. Vərəmin müalicəsi üçün ikinci sıra vərəm dərmanlarının təchizi qlobal bond tərəfindən başlanıb. Bu ildən isə Azərbaycan hökuməti qlobal fondla birlikdə bu dərmanların Azərbaycana gətirilməsini öz üzərinə götürüb. Səhiyyə Nazirliyi də ikinci sıra vərəm dərmanlarının mərkəzləşdirilmiş şəkildə alınmasına start verib. Bu da Azərbaycan səhiyyə sahəsində bir yenilikdir”.
C. Süleymanova qeyd edib ki, Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən vərəm üzrə hesabat sistemi, epidemiolojı müşahidə, müalicəyə nəzarət və laborator xidmətlərdə əhəmiyyətli dəyişikliklər və təkmilləşdirmələr aparılır. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının və İnnovativ Yeni Diaqnostika Fondunun texniki dəstəyi ilə Səhiyyə Nazirliyi laborator şəbəkənin inkişafının gücləndirilməsi və vərəmin yeni diaqnostik üsullarla erkən aşkarlanmasının tətbiqinə başlayıb. Laboratoriyalarda ən yeni və müasir avadanlıqlar quraşdırılıb.