Bakı. Könül Kamilqızı – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycrini mükafatlandırıb. APA-nın xəbərinə görə, bu mükafatlandırma Bakıda keçirilən İSESCO-ya üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı çərçivəsində baş tutub. Belə ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitə adından “Xatirə medalı”nı İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycriyə təqdim edib.
H. Hüseynova bildirib ki, bu tədbirin keçirilməsində xüsusi zəhməti olan insanlardan biri də İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl–Tuveycridir: “Biz “İslam dünyasında uşaqlar və urbanizasiya” mövzusuna həsr olunan IV konfransın məhz Azərbaycanda keçirilməsinə görə sizə öz təşəkkürümüzü bildiririk. Sizin bu sahədəki ardıcıl və aktiv fəaliyyətiniz diqqətəlayiqdir. Ümid edirəm ki, konfransın müəyyən etdiyi istiqamətlər bizi bir-birimizə daha da yaxınlaşdıracaq, mövcud problemin – uşaqlar və urbanizasiya məsələlərinin uğurlu həllində konstruktiv əməkdaşlığa əsas olacaq”.