Bakı. Könül Kamilqızı – APA. “Zaman keçdikcə dünyada baş verən proseslər, qloballaşma və onun təsirləri dövlətlər qarşısında yeni vəzifələr qoyur. Xüsusilə də, dünyada gedən inteqrasiya və urbanizasiya proseslərində uşaq hüquqlarının müdafiəsi məsələləri aktuallıq kəsb edir. Urbanizasiyanın uşaqlara təsiri, onların bu prosesə uyğunlaşması bütün cəmiyyətlər üçün eyni xarakter daşıyır”.
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədri Hicran Hüseynova Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, uşaqların rifahı, cəmiyyətin, bütövlükdə dünyanın inkişafıdır.
O qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycan hökumətinin prioritet məsələlərindən biridir: “Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə 80-dən çox qanun və 30-dan çox dövlət proqramları qəbul edilib. Erkən nikahların və qızların təhsildən yayınma hallarının qarşısının alınması üçün Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Ailə Məcəlləsində nikah yaşının qızlar üçün 18-ə qaldırılıb, Cinayət Məcəlləsində isə qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib”.
H.Hüseynova qeyd edib ki, hazırda uşaq ölümü hallarının daha da azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası kimi məsələlər də diqqət mərkəzindədir. Komitə sədrinin sözlərinə görə, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. O qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır.