Xocavənd rayonunda ermənilərin törətdiyi terror nəticəsində şəhid olan polis serjantı Camalzadə Asim Knyaz oğlu dəfn olunub.
APA-nın yerli bürosu xəbər verir ki, şəhid polis Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, polis əməkdaşları, Sumqayıt ictimaiyyətin in nümayəndələri, şəhər İcra Hakimiyyətinin təmsilçiləri iştirak edib.
Noyabrın 12-də Asim Camalzadənin toyu olacaqmış.
Qeyd edək ki, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Əli Əliyev