Bank Of Baku

Yanvar-martda sosial ödənişlərə xərclənən vəsait açıqlanıb

Yanvar-martda sosial ödənişlərə xərclənən vəsait açıqlanıb
# 17 may 2023 18:04 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ilkin məlumatlarına əsasən, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin
maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artırılaraq 1451,2 milyon manata çatdırılmışdır. Sərf olunmuş vəsaitin 97,6 faizini pensiya xərcləri təşkil edib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, 2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101,9 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,9 faizini təşkil edir. Onların 63,5 faizi yaşa, 23,7 faizi əlilliyə, 12,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,2 faiz artaraq 432,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 48,0 faizinə bərabər olub.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunub. Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 14,7 faiz artırılıb. Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü il aprelin 1-i vəziyyətinə yaşa görə aylıq müavinət alanların sayı 132,6 min nəfər, əlilliyə görə - 209,6 min nəfər (onlardan 45,5 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər), ailə başçısını itirməyə görə - 57,5 min nəfər, digər müavinət növlərini alanların sayı isə 24,5 min nəfər olub.

Eyni zamanda, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 5,4 min ailəsinə 8,4 min uşaq üçün, eləcə də
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 197 nəfər qəyyumuna aylıq müavinət verilib.
Bundan əlavə, 3959 nəfər bir yaşınadək uşağı olan 3867 aztəminatlı ailəyə və beşdən çox uşağı olan 2,6 min qadına 11,0
min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 307 şəxsə isə kompensasiya verilib.

2023-cü ilin ilk üç ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 11,5 min ailəyə 12,0 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,2 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 1,3 min nəfərə birdəfəlik müavinətlər verilib. 2023-cü il aprelin 1-i vəziyyətinə 72,6 min aztəminatlı
ailənin 321,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 95,50 manat təşkil
edib.

2023-cü ilin 1 yanvar tarixidən ayrı-ayrı kateqoriyadan olan şəxslərə təyin edilən müxtəlif növ aylıq sosial müavinətlərin məbləğləri artırılaraq yaşa görə 180 manatdan 220 manata, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 220 manatdan 270 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manatdan 220 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 120 manatdan 150 manata, ailə başçısını itirməyə görə 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə və beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 70 manatdan müvafiq olaraq 100 və 105 manata çatdırılıb. Bununla yanaşı, uşağın anadan olmasına görə sosial müavinətlərin məbləğləri artırılaraq 300 manatdan 500 manata, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün
237 manatdan 300 manata, dəfn üçün müavinət isə 350 manatdan 500 manata çatdırılıb.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün beş il müddətinə birdəfəlik müavinət təsis edilib, 2023-cü il yanvarın 1-dən onun məbləği 600 manat müəyyən olunub. Eyni zamanda, həmin tarixdən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri artırılaraq Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alan şəxslər üçün 1500 (artımadək 1450) manat, şəhid, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 600 (500) manat, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə 500 (400) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə 400 (350) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə isə 330 (300) manat, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif
edilmiş şəxslər üçün 330 (300) manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi
müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 200 (130) manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 300 (210) manat, orqanizmin
funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 100 (80)
manat müəyyən edilib.

Bununla yanaşı, 2023-ci il yanvarın 1-dən Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ
olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği artırılaraq elmlər doktoru elmi dərəcəsinə görə 300 manatdan 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manatdan 300 manata çatdırılıb. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 aprel tarixli Sərəncamı ilə 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş
cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım müəyyən edilib.

Eyni zamanda, müxtəlif kateqoriyadan olan 383,0 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR