“Dövlət büdcəsi təkcə dövlətin maliyyə sənədi deyil”.
APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri ilə birgə iclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri bildirib ki, dövlətin gücü hədəflərin gerçəkləşməsini illərlə gözləmək məcburiyyətində qalmamasındadır: “Əhalinin, şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsi sahəsində tədbirlərin davam etdirilməsi və digər istiqamətlərdə xərclər göstərir ki, Azərbaycan inkişaf yolundadır. 2020-ci ilin noyabr ayında Ordumuz Ali Baş komandanın rəhbərliyi ilə 30 il davam edən işğala son qoyuldu. Qarabağ və Şərqi Zəngəzurun bərpası, azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin olunması, qabaqcıl rəqəmsal texnologiyaların geniş tətbiqi ilə məşğulluq imkanlarının yaradılması, həmin ərazilərdə infrastrukturların, o cümlədən hərbi infrastrukturların qurulmasına ayrılan vəsait bizdə inam yaradır ki, o torpaqlarda həyat şəraiti əvvəlkindən də yaxşı olacaq. Ordunun maddi texniki təchizatının müasirləşdirilməsi üçün kompleks tədbirlərin görülməsi də büdcədə nəzərdə tutulub. 2023-cü il dövlət büdcəsində ərazilərin minalardan təmizlənməsi üçün də kompleks tədbirlərin görülməsi üçün vəsait ayrılacaq. Eyni zamanda dövlət büdcəsində ehtiyata və istefaya buraxılmış hərbçilərin mənzil təminatı ilə bağlı xərclərin büdcədə artırılması da çox sevindiricidir”.