İlqar Məmmədov və Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə proses təxirə salınıb - YENİLƏNİB

İlqar Məmmədov və Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə proses təxirə salınıb - <span style="color: red;">YENİLƏNİB
# 22 aprel 2016 14:50 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Bu gün Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, vəkillər İlqar Məmmədov və Tofiq Yayublu barəsində olan hökmlə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi qərarlara uyğun olaraq onların barəsində bəraət hökmü çıxarılmasını xahiş ediblər.

Dövlət ittihamçısı isə çıxışında birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasını istəyib.

İlqar Məmmədov çıxışında 90 saylı Ağdaş Seçki Dairəsindən Milli Məclisə keçiriləcək təkrar seçkilərdə namizədliyini irəli sürmək istədiyini, lakin saxlandığı cəzaçəkmə müəssisəsində bununla bağlı sənədlərini qəbul etmədiklərini deyib.

O, həmçinin məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra İsmayıllı hadisələri ilə bağlı videomateriallar nümayiş olunub.

Prosesdə çıxış edən Tofiq Yaqublu deyib ki, kadrlarda onların həmin proseslərdə iştirak etmədikləri görünür.

O da məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını istəyib.

T. Yaqublu eyni zamanda ona dəyən ziyana görə 500 min avro təzminat istədiyini açıqlayıb.

Məhkəmədə prosesin qeyri-müəyyən vaxtadək təxirə salınması barədə qərar qəbul olunub.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, İ. Məmmədov və T. Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunublar. T. Yaqublu prezident İlham Əliyevin mart ayında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR