Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi davam etdirilir

Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi davam etdirilir
# 18 iyul 2016 16:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə davam etdirilir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən yolun uzunluğu 23 km-dir. Uzun müddət əsaslı təmir olunmadığı üçün, xüsusən də ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində sözügedən yolun hərəkət hissəsi bir-çox yerlərdə qabarmış və dağılmış vəziyyətdə olub. Bu isə həmin yolla nəqliyyat vasitələrinin gediş-gəlişində problemlər yaradıb.

Layihə çərçivəsində yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb, qazılmış hissələrə karbonat materialı tökülərək kipləşdirilib. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən öncə eni 6 metr olan yolun hərəkət hissəsi III texniki dərəcəyə uyğun olaraq 7 metrə qədər genişləndirilir. Hər biri 3,5 metr enində olmaqla 2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə 2,5 metr enində yeni çiyinlər tikilərək, bərkidilib. Bura 0,5 metr enində bərkidici zolaqlar da daxildir.

Yolların yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılır. Xudat-Yalama-Zuxuloba avtomobil yolunda da ümumi uzunluğu 4 min paqon-metrə yaxın 2 metr enində yeni piyada səkiləri tikilir, kənarlarına səki daşları düzülür. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub. Hazırda yol boyu asfaltlanma işləri aparılır. Ümumilikdə 165 min kvadratmetr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Artıq yolun 16 km-də yenidənqurma işləri başa çatdırılıb, qalan 7 km-də isə işlər davam etdirilir. İşlərin avqust ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, həmçinin yol cizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.

8 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, onların avtomobil yolundan istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi sürətlə, qısa vaxt ərzində xarab olmadan istədikləri ünvanlara çatdırmağa imkan yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR