Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirilib

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirilib
# 06 sentyabr 2016 16:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirilib. APA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən müşavirədə qeyd olunub ki, festivalla bağlı qərargah yaradılıb və qərargahın üzvləri görüləcək işlərin həyata keçirilməsinə nəzarət etməlidirlər.

Ə. Vəliyev bildirib ki, əvvəlki illərdən fərqli olaraq budəfəki festivalın açılışı sentyabrın 17-də baş tutacaq. Sentyabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramları təqdim ediləcək.

Müşavirədə həyata keçiriləcək işlərlə bağlı Azərbaycan Bəstəkarlar İttifaqı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Uşaq Filarmoniyası və digər qurumlara əlavə tapşırıq və göstərişlər verilib.

Nazir müavini daha sonra il ərzində təşkil olunacaq digər tədbirlərlə bağlı qarşıda duran vəzifələrdən söz açıb, II Şəki Beynəlxalq Teatr Festivalı, XI Bakı Beynəlxalq Caz Festivalı, Rəşid Behbudovun 100 illik yubileyi və IV Beynəlxalq Bakı Teatr Forumu haqqında məlumat verib. Bildirib ki, ilin sonuna kimi 15 bəstəkarın yubileyi, sərgilər, ədəbiyyat xadimlərinin yubiley tədbirləri həyata keçiriləcək.

Tədbirdə Dövlət Uşaq Filarmoniyasına bəstəkar Oqtay Zülfüqarov və 1993-2012-ci illərdə Uşaq Filarmoniyasına rəhbərlik etmiş əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskayanın xatirəsinə həsr edilmiş tədbirin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR