Hüseyn Bağırov Saatlı ictimaiyyətinin nümayəndələri və fəallarla görüşüb

Hüseyn Bağırov Saatlı ictimaiyyətinin nümayəndələri və fəallarla görüşüb
# 30 yanvar 2016 07:34 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı - APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Saatlı rayonunda ictimaiyyət nümayəndələri və fəallarla görüşüb.

APA-nın məlumatına görə, görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və Saatlı rayonundan seçilmiş millət vəkilləri də iştirak edib.

Əvvəlcə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Nazir H. Bağırov çıxışında bildirib ki, prezident İlham Əliyev 2016-cı ildə qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirib və onların yerinə yetirilməsi üçün ciddi tapşırıqlar verib. O, bugünkü şəraitdə də mövcud iqtisadi sabitliyin qorunub saxlanılması üçün fermerlərə, sahibkarlara onlara ayrılmış pay torpaqlarından, ümumiyyətlə rayonun torpaq fondundan səmərəli şəkildə yararlanmağı və yerli iqtisadiyyatın daha da inkişafı üçün müasir texnoloji prosesləri zamanında dəyərləndirməyi tövsiyə edib, sosial-iqtisadi inkişafın dayanıqlığının təmini üçün qüvvələrin səfərbər olmasının vacibliyini vurğulayıb.

H. Bağırov nazirlik tərəfindən rayonda görülmüş işlərə də toxunub. Bildirib ki, rayon əhalisinin ekoloji cəhətdən sağlam mühitə malik olması üçün bir sira tədbirlər görülüb, o cümlədən ölkə başçısının tapşırığına əsasən əksər kəndlər sutəmizləyici qurğularla təhciz edilib, geniş miqyasda yaşıllıq sahələri salınıb. Növbəti 2 il ərzində isə bölgənin daha 30 kəndində sutəmizləyici qurğuların quraşdırılacağı rayon ictimaiyyətinin diqqətinə çatdırılıb. Eyni zamanda H.Bağırov yeni iş yerlərinin açılması məqsədilə Saatlı rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR