Kamal Abdullayev beynəlxalq konfransda çıxış edib

Kamal Abdullayev beynəlxalq konfransda çıxış edib
# 19 oktyabr 2015 15:15 (UTC +04:00)

Bakı-APA. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev “Dini və mədəni plüralizm və orta şərqdə sülh içində mövcudluq” adlı beynəlxalq konfransda iştirak etmək üçün Afinaya səfər edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, Yunanıstanın dövlət və hökumət rəsmilərinin, müxtəlif ölkələrdən olan dini liderlərin və siyasi xadimlərin iştirak etdiyi konfransda dövlət müşaviri bu gün “Multikultural təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının təcrübəsi” adlı məruzə ilə çıxış edib.

Məruzədə akademik K.Abdullayev ölkəmizdəki milli və dini müxtəliflik və bu müxtəlifliyin qorunması üçün dövlət tərəfindən həyata keçirilən siyasətlə bağlı informasiya verib.

Azərbaycanda multikultural təhlükəsizliyin dövlət təminatı və əsas prinsiplərindən bəhs edərək bildirib ki, Azərbaycanda multikultural təhlükəsizliyin prinsipləri ölkə daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər şəkildə yönəlməsi, ölkədə mövcud olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısı, ölkədə yaşayan bütün xalqların və etnik qrupların mədəni dəyərlərinin qorunmasına dövlət və cəmiyyət tərəfindən dəstək göstərilməsidir.

Bundan əlavə dövlət müşaviri ölkəmizdə yaşayan azsaylı xalqların öz dillərində təhsil almaları, öz dillərində mətbuat orqanlarının olması, bu toplumların dillərində kitab çapı, dövlət radio və televiziyasında azsaylı xalqların dilinin, mədəniyyətinin qorunması üçün yaradılan imkanlar haqda məruzəsində qeyd edib.

Çıxışında K.Abdullayev Azərbaycanda etnik-mədəni müxtəlifliyin qorunması ilə bağlı görülən işlər çərçivəsində Azərbaycandakı Yunan icmasından, hazırda Azərbaycanda 700-dən çox yunanın yaşamasından, 1994-cü ildən Azərbaycanda “Arqo” adlı yunan icmasının fəaliyyət göstərməsindən, 1999-cu ildən Bakı Slavyan Universitetində “Yunanşünaslıq” ixtisasının sonra isə “Yeni Yunan Dili və Mədəniyyəti Mərkəzi"nin açılmasından bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR