Nazir: “Tiflisdəki Azərbaycan Dövlət Dram Teatrı tezliklə fəaliyyətini bərpa edəcək”

 Nazir: “Tiflisdəki Azərbaycan Dövlət Dram Teatrı tezliklə fəaliyyətini bərpa edəcək”
# 03 oktyabr 2016 09:56 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. "Nazirlik olaraq Azərbaycan tərəfi ilə münasibətlərimizi genişləndiririk. Kino və müxtəlif sərgilərdə, yubileylərdə Gürcüstan və Azərbaycan mədəniyyətini yaşadırıq".

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycanın mədəniyyət sahəsində inkişafına düşmənlər də həsəd aparır: “Bizim münasibətlərimiz dinamik şəkildə inkişaf edir. Bu cür münasibətlərin inkişafı və möhkəmləndirilməsi yalnız qonşular, dostlar və qardaşlar arasında olur”.

M. Giorqadze Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının təmiri məsələsinə də münasibət bildirib: “Bu məsələ hökumətlərimiz arasında danışıqlar mövzusudur. Fikirləşirəm ki, tezliklə teatrın təmiri üçün konkret addımlar atılacaq. Bu barədə əvvəlcədən anons vermək istəmirəm. Amma onu deyim ki, tezliklə teatr fəaliyyət göstərəcək və görəcəksiniz ki, bu teatr necə bərpa olunub. Bu iş həm Gürcüstan, həm də Azərbaycan tərəfinin dəstəyi ilə həyata keçiriləcək”.

Qeyd edək ki, çətinliklərə baxmayaraq, Tiflisdəki Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının kollektivi 2017-ci ilin may ayında Tiflisdə “Arşın mal alan” komediyasını təqdim etməyə hazırlaşır. Bunu teatrın yeni təyin olunmuş direktoru Varlam Nikoladze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR