İslam həmrəyliyi və media

İslam həmrəyliyi və media
# 06 noyabr 2017 05:54 (UTC +04:00)

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-dən çoxdur. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, Bakıda Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradıb.

Bütün bunları nəzərə alaraq, Azərbaycan prezidenti İlham Əliyev 10 yanvar 2017-ci il tarixdə “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında”a sərəncam imzalayıb.

Tədbirlər Planı icra olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli nömrəli sərəncamı ilə “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planı” təsdiq edilib. Tədbirlər Planında il ərzində islamdaxili həmrəylik və islam və digər konfessiyalar arasında həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə tədbirlər keçirilməsi əksini tapıb. Ötən müddət ərzində bu tədbirlərin böyük əksəriyyəti icra olunub. Müxtəlif qurumların xarici filial və nümayəndəliklərində, İƏT, YUNESKO, İSESKO və digər beynəlxalq təşkilatların qərargahlarında, eləcə də aparıcı müsəlman ölkələrinin paytaxtları və şəhərlərində “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi Oyunlarının elan edilməsi ilə əlaqədar təqdimatlar, reklam çarxları və ingilis, ərəb, fransız dillərində nəşrlərin təqdimatları keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ili” çərçivəsində 150-dən çox ölkədaxili və bir neçə beynəlxalq tədbir keçirilib. Məsələn, bu il sentyabrın 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib. Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov konfransda bildirib ki, indiyə kimi bir çox din xadimləri tərəfindən islam həmrəyliyi ilə bağlı çağırışlar edilib, təəssüf ki, bu ideya reallaşmayıb. Müsəlman ölkələrinin çoxunda islam həmrəyliyi ilə bağlı edilən çağırışlar elə o ölkələrin daxili auditoriyasına hesablanıb. Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın İslam həmrəyliyi ilə bağlı çağırışı ölkənin hüdudları ilə məhdudlaşmayıb, Azərbaycanın İslam həmrəyliyi ilə bağlı çağırışı bütün islam dünyasına aiddir. Eyni zamanda bu gün müsəlman dünyası terrorla, qanlı hadisələrlə çalxalandığı üçün islam həmrəyliyi ideyası nəinki müsəlman ölkələrində, habelə qeyri-müsəlman ölkələrində yüksək qiymətləndirilir.

Bu il sentyabrın 25-də isə İstanbulda “Türkiyə-Azərbaycan timsalında islam həmrəyliyi” konfransı keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Monteneqrodan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələrdə iştirak ediblər. Konfrans Türkiyə Diyanət İşləri Başqanlığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunub. “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra İstanbulda təşkil olunan konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti təmsil edib. Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən “Türkiyə-Azərbaycan timsalında islam həmrəyliyi” konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunub ki, bu gün dünyanın müxtəlif yerlərində müsəlmanlar məzhəb ayrı-seçkiliyi, ekstremizm, dini radikalizm və terror kimi ciddi problemlərə qarşılaşır və islam adı altında gizlənən, dinimizlə heç bir əlaqəsi olmayan qüvvələr tərəfindən həyata keçirilən terror hadisələri müsəlmanlara qarşı ən böyük haqsızlıq, ədalətsizlikdir: “Bu gün dünyada törədilən terror hadisələri qurbanlarının əksəriyyəti də məhz müsəlmanlardır. İslam dünyasındakı müharibə və münaqişələrə rəvac verən məzhəb ayrı-seçkiliyinin, dini ekstremizm və terrorun, getdikcə güclənən islamofobiyanın, müxtəlif ölkələrdə müsəlmanların qətliamlarının qarşısını almaq, islam aləminin inkişafına və rifahına nail olmaq üçün islam həmrəyliyi zamanın çağırışı və tələbidir. Şərqlə Qərbin qovşağında yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar. 2016-cı ilin ölkəmizdə multikulturalizm ili, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan edilməsi bütün dünyada, xüsusilə islam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgə yaşayış çağırış və töhfədir”.

Azərbaycan prezidenti Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin islam həmrəyliyinin ən gözəl nümunələrindən biri olduğunu qeyd edib, İstanbulda keçirilən konfransın islam ölkələri arasında həmrəyliyin inkişafında önəmli rol oynayacağına inandığını bildirib.

Həmrəyliyin təbliği və dini ayrı-seçkilik təbliğ edən saytlara qarşı mübarizə

Qərb mediasında islamafobiya meyllərinin geniş yayıldığı bir dönəmdə “İslam Həmrəyliyi İli” çərçivəsində islamdaxili həmrəylik və islam və digər konfessiyalar arasında həmrəylik istiqamətlərində ölkə daxilində və xaricdə keçirilən tədbirlərin yerli və xarici mediada geniş işıqlandırılması xüsusi qeyd edilməlidir. Bu tədbirlər vasitəsi ilə İslam həmrəyliyinin Azərbaycan modelinin təbliği və təşviqi ilə bağlı materiallar yayılıb, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, ona bitişik ərazilərdə və digər yerlərdə erməni vandalizminə məruz qalmış İslam mədəniyyəti abidələri ilə bağlı məlumatlar dünya ictimaiyyətinə geniş şəkildə çatdırılıb. Xarici kütləvi informasiya vasitələrində IV İslam Həmrəyliyi Oyunları və “İslam Həmrəyliyi İli” ilə bağlı məlumat və məqalələr dərc edilib, televiziya kanallarında bu barədə materiallar işıq üzü görüb.

Ancaq bu dövrdə Azərbaycanda dini ayrı-seçkilik, qarşıdurma təbliğ edən saytlar da aşkarlanıb və bu istiqamətdə müvafiq qurumların mübarizəsi də aktivləşib. Mediada “İslam Həmrəyliyi İli” çərçivəsində tədbirlərin geniş işıqlandırıldığını bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri müavini Gündüz İsmayılov deyir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq çap və elektron KİV-in monitorinqini aparır. Monitorinqin nəticələrindən asılı olaraq təhlil işləri aparılır: “Təhlil işlərinin nəticəsində də müvafiq işlər görülür. Müxtəlif monitorinqlər hamanı ölkədə məzhəb, din ayrı-seçkiliyi salan, dini qarşıdurmaya rəvac verə biləcək məlumatların yer aldığı saytlar aşkarlanıb. Bu saytların əksəriyyəti dini qaynaqlı saytdır. Baxmayaraq ki, özlərini xəbər saytı, portalı kimi təqdir edir, əksəriyyəti sırf dini mahiyyət daşıyan, dini qruplar tərəfindən idarə edilən internet resursudur. Həmin saytlarla bağlı müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət etmişik, lazımi tədbirlər görülüb. Bu cür saytların əksəriyyəti, demək olar ki, xarici ölkələrdən idarə olunur. Onların domenlərinə baxanda da bunu görmək mümkündür”.

Bu il mediamızın “İslam Həmrəyliyi İli” ilə bağlı bir çox uğurlu yazılarla yadda qaldığını vurğulayan Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə dini ayrı-seçkilik təbliğ edən saytların da Mətbuat Şurasının da diqqət mərkəzində olduğunu bildirir: “Mətbuatımızda islam həmrəyliyi mövzusu geniş yer tutdu. Amma müəyyən nüanslar var. Elə saytlar var ki, dərc olunan materiallarda islam həmrəyliyinə xələl gətirmək cəhdləri hiss olunur. Müəyyən dini təriqətlərin təsirində olan, yaxud xaricdən idarə olunan belə saytlara rast gəlinir. Araşdırmalar göstərir ki, bəzən bu elektron media orqanları ölkədən kənarda idarə olunur. Domenlərini ölkə xaricindən əldə edir, ancaq Azərbaycan dilli sayt kimi fəaliyyət göstərirlər. Mətbuat Şurası bu saytları diqqətdə saxlayır, izləyir. Mətbuat Şurası şikayətlər, müəyyən sübutlar əsasında bu məsələləri gündəmə gətirir. Amma hesab edirəm ki, ictimai qınaq belə məqamların aradan qaldırılmasında həlledici rol oynayacaq”.

V. Rəhimzadə onu da qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı illə “İslam Həməriyliyi İli” elan olunması Azərbaycanın islam həmrəyliyinə verdiyi bir töhfədir. Eyni zamanda Azərbaycanda islami dəyərlərə diqqətin təzahürüdür. “İslam Həməriyliyi İli” çərçivəsində keçirilən tədbirlərlə bir daha islam həmrəyliyinə böyük töhfələr verdi”.

Qeyd: Yazı “İslam həmrəyliyi və media” mövzusunda müsabiqəyə təqdim olunur

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR