Hicran Hüseynova: “Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır”

Hicran Hüseynova: “Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır”
# 04 oktyabr 2017 10:19 (UTC +04:00)

“Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizə” layihəsi çərçivəsində yaradılmış Məişət zorakılığı ilə bağlı məlumat bankının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan üzrə Əhali Fondunun baş müşaviri Fərid Babayev, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru xanım Mikaela Meredis iştirak ediblər.

H. Hüseynova bildirib ki, zorakılıq dünyanın ən mühüm problemlərindən biridir: “Xüsusən də məişət zorakılığı öz aktuallığı ilə seçilir. Dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. “Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları” təsdiq edilib. Məişət zorakılığının qarşısının alınması istiqamətində məlumat bankının yaradılmasının bir sıra müsbət cəhətləri var. Mən bir neçə nümunə çəkmək istəyirəm. Məsələn, məişət zorakılığı ilə bağlı məlumat bankına yığılmış məlumatların təhlili göstərdi ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Ona görə də qadınların, xüsusilə də kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı daha da gücləndirilməlidir”.

F. Babayev region ölkələrində belə bir məlumat bankının olmadığını diqqətə çatdırıb: “Məlumat bankının olması məişət zorakılığından əziyyət çəkən insanların dinamikasını izləməyə imkan yaratmaqla, bu sahədə həyata keçirilən tədbirlərin nə qədər səmərəli olduğunu qiymətləndirməyə yardım edəcək. Mən inanıram ki, Komitə ilə birlikdə məişət zorakılığı ilə bağlı hazırladığımız məlumat bankının modeli bütün regionda ən yaxşı təcrübələrdən biri olacaq”.

M. Meredis qeyd edib ki, məlumat bankının yaradılması məişət zorakılığının qarşısının alınması istiqamətində atılmış mühüm addımdır. O, dünyada hər 3 qadından birinin döyüldüyünü də vurğulayıb.

Daha sonra məlumat bankının təqdimatı keçirilib, bankın “online” fəaliyyəti barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR