Bu il SKMF sahibkarlara 67,2 mln. manat kredit verib

Bu il SKMF sahibkarlara 67,2 mln. manat kredit verib
# 27 iyul 2017 14:45 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, SKMF bu sahədə növbəti işgüzar forumunu iyulun 27-də Zərdab rayonunda keçirib.


İşgüzar forum çərçivəsində fond tərəfindən Zərdab rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, pambıqçılıq, iri fermer və bağçılıq təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

SKMF-nin icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 910 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 67,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2700-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.


Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq, otel tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 90-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 528,3 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Zərdab rayonunda güzəştli kredit ayrılmış çörək zavoduna baxış keçirilib.


Qeyd edək ki, indiyədək SKMF tərəfindən gündəlik istehsal gücü 836,6 ton olan 31 müasir çörək zavodunun yaradılmasına 55 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR