Gürcüstanın onlayn media resurslarının rəhbərləri “APA Holding”in qonağı olub

Gürcüstanın onlayn media resurslarının rəhbərləri “APA Holding”in qonağı olub
# 23 may 2018 12:00 (UTC +04:00)

Gürcüstanın onlayn media resurslarının rəhbərləri “APA Holding”in qonağı olub, “APA Holding”in Direktorlar Şurasının sədri, APA-nın baş direktoru Nurşən Quliyevlə görüşüblər.

APA-nın məlumatına görə, görüşdə www.kvira.ge saytının baş redaktoru Ketevan Xositaşvili, www.pia.ge saytının baş redaktoru Dmitri Tikaradze, www.primetime.ge saytının baş redaktoru Ketevan Xatiaşvili, www.reportiori.ge saytının baş redaktoru Giorgi Mamatsaşvili, www.ipress.ge saytının baş redaktoru Tamar Lepsveridze, www.accent.com.ge saytının baş redaktoru Uça Kandelaki və www.commersant.ge saytının kommersiya direktoru Tata Dolidze iştirak ediblər.

Səfərin təşkilatçısı olan “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev bildirib ki, qonaqlar iki gün ərzində Azərbaycanda aparıcı media qurumlarına baş çəkəcək, iş mühiti ilə tanış olacaqlar.

Nurşən Quliyev qonşu ölkənin jurnalistlərinin Bakıya səfərindən məmnun olduğunu deyib. O, təmsil etdiyi media qurumu haqqında qonaqlara ətraflı məlumat verib, bildirib ki, “APA Holding”in bir neçə ölkədə, o cümlədən Gürcüstanda bürosu fəaliyyət göstərir.

N. Quliyev Gürcüstanın mətbuat orqanları ilə əməkdaşlığın gücləndirməyin vacibliyinə diqqət çəkib. O, Gürcüstanda baş verən hadisələrə Azərbaycan mediasının diqqətli yanaşdığını deyib, gürcü həmkarlarının diqqətinə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında onların yardımçı olacaqlarına inanır.

Öz növbəsində, qonaqlar Azərbaycanın onlayn media orqanları ilə səmərəli əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıblar.

Daha sonra görüşdə müxtəlif mövzularla bağlı müzakirələr aparılıb.

Sonda qonaqlar "APA Holding"in ofisini gəzərək, iş şəraiti ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR