Bakıda Frankofoniya həftəsi başlayır

Bakıda Frankofoniya həftəsi başlayır
# 28 mart 2018 15:28 (UTC +04:00)

Bakıda Frankofoniya həftəsinin təşkilində iştirak edəcək 11 dövlətin səfiri və iştirakçı qurumların nümayəndələri birgə mətbuat konfransı keçiriblər.

APA-nın xəbərinə görə, 1-14 aprel tarixləri arasında Bakıda keçiriləcək Frankofoniya həftəsi çərçivəsində nəzərdə tutulan mədəni tədbirlərin proqramı Belçika, Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Moldova, Meksika, Rumıniya, İsveçrə səfirlikləri və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təqdim olunub.

Rumıniyanın Azərbaycandakı səfiri Dan İancu hər il ölkəsinin fəal şəkildə Frankofoniya həftəsi günlərində iştirak etdiyini deyib: “Biz bu çərçivədə film nümayiş etdirəcəyik. Rumıniyanın məşhur Babeş Bolyai Universitetinin nümayəndəsi Oktavian Yula Bakıda konfrans verəcək. Bizim marağımız azərbaycanlı tələbələri, uşaqları bir araya toplayıb, Rumıniya və Frankofoniya dəyərlərini təqdim etməkdir”.

Moldovanın Azərbaycandakı səfiri George Leuka ölkəsinin 1997-ci ildən etibarən Beynəlxalq Frankofoniya Təşkilatına üzv olduğunu söyləyib: “Biz ilk dəfə Azərbaycanda Frankofoniya həftəsinə qoşuluruq və aktiv şəkildə iştirak edirik”.


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Aİ bu il də Frankofoniyaya qatılmaqdan məmnundur. Onun sözlərinə görə, Frankofoniya plüralizm və müxtəlifliyi təbliğ edir. Səfir qeyd edib ki, bu il Aİ iki tədbirlə Frankofoniya həftəsi günlərində iştirak edir və bu çərçivədə “Erasmus Plus” proqramı təqdim olunacaq.

Qeyd edək ki, Beynəlxalq Frankofoniya Təşkilatına 84 dövlət daxildir, onlardan 58-i üzv, 26-sı isə müşahidəçi statusu daşıyır. Onları birləşdirən cəhətlər, fransız dili və ümumi dəyərlərdir. Hər il dünya üzrə mart və aprel ayları ərəfəsində müsabiqələr, tamaşalar, kinofestivallar, ədəbi və qastronomik görüşlər və sərgilər vasitəsilə Beynəlxalq Frankofoniya Günləri qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR