ETSN: Saxta adla şikayət edən şəxs haqqında protokol tərtib edilib

ETSN: Saxta adla şikayət edən şəxs haqqında protokol tərtib edilib
# 03 fevral 2017 14:10 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları saxta adla şikayət edən şəxs haqqında protokol tərtib edib. Nazirlikdən APA-ya verilən məlumata görə, İmişli rayonunun Cəfərli kəndində su təmizləyici qurğudan guya çirkli su gəlməsi barədə kənd sakini Quliyev Elşən Qara oğlu adından 26 dekabr 2016-cı il tarixində nazirliyin “qaynar xətt” xidmətinə edilən müraciət ETS mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Nazirliyin əməkdaşları Cəfərli kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi və kənd bələdiyyəsinin rəhbərliyi ilə birlikdə “qaynar xətt” xidmətinə müraciətdə adı və soyadı qeyd edilən Elşən Quliyevlə görüşüb. Lakin o, şikayət etmədiyini və “qaynar xətt” xidmətində qeydə alınmış telefon nömrəsinin ona məxsus olmadığını bildirib.

Araşdırma zamanı başqasının adından saxta şikayət edən şəxsin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sabiq işçisi Xəzər Məhərrəmov olması müəyyən edilib. O, başqa adla qərəzli şikayət verdiyini, məlumatın həqiqətə uyğun olmadığını və qərəzli xarakter daşıdığını etiraf edib. Nazirliyin əməkdaşları tərəfindən bununla bağlı müvafiq akt tərtib olunub.

Nazirlikdən bildiriblər ki, Xəzər Məhərrəmov işdə yol verdiyi nöqsanlara görə 29 noyabr 2016-cı il tarixində işdən azad edilib. 2010-cu ildə İmişli rayonunun Cəfərli kəndində ETSN tərəfindən 132 m3/gün gücündə modul tipli su təmizləyici qurğu və 31 ədəd su paylayıcı bulaq tikilərək istismara verilib. Hazırda bütün bulaqlar əhalini Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR