Hyustonda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub

Hyustonda Azərbaycanın Dövlət Bayrağı Günü qeyd olunub
# 16 noyabr 2016 09:09 (UTC +04:00)

Noyabrın 15-də ABŞ-ın Hyuston şəhərinin meriyasında Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə rəsmi tədbir təşkil olunub. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta tədbirdə iştirak etmək məqsədilə Hyustona səfər edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Hyuston meriyası nümayəndələri, ABŞ Konqresi və Texas ştat Assambleyasının təmsilçiləri, bir sıra ölkələrin Hyuston şəhərindəki baş konsulları, eləcə də Azərbaycan, Türkiyə, yəhudi icmaları və Hyuston ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova çıxışında qonaqlara bu əlamətdar günün tarixçəsi barədə məlumat verib, Bakı və Hyuston arasında əlaqələr və bu əlaqələrin inkişafı perspektivləri haqqında danışıb.

Qonaqları salamlayan Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov müsəlman şərqində ilk demokratik respublikanın rəmzi olan bu bayrağın 25 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın üzərində ucaldıldığını deyib. Diplomat bu il eyni zamanda Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin 40-cı ildönümünün tamam olduğunu xatırladaraq, bu iki şəhər arasında əməkdaşlığı və onun Azərbaycan-ABŞ münasibətlərinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxışında Amerikanın Azərbaycan icmasını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, Bakı ilə Hyuston arasında qardaşlaşmış şəhərlər əlaqələrinin təbii olduğunu, iki şəhərin bir çox aspektlərə görə oxşarlığını nəzərə çatdırıb. Səfir Azərbaycanın ABŞ üçün önəmini, ölkələr arasında strateji tərəfdaşlığın mövcudluğunu qeyd edərək, iki ölkə arasında enerji, təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində əməkdaşlığı xüsusilə vurğulayıb.

Hyuston şəhər Şurasının üzvü Kayk Laster şəhər meri Silvester Turner adından Azərbaycan icmasını təbrik edib və 9 noyabr tarixinin Hyuston şəhərində Azərbaycan Bayrağı Günü elan edilməsi ilə bağlı şəhər merinin bəyannaməsini oxuyub. Daha sonra ABŞ Konqresinin üzvü El Qrinın təmsilçisi Sam Merçant konqresmenin adından Azərbaycanın Bayraq Günü münasibətilə bəyannaməni diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR